Ernad Skuliç: İnanıram ki, Hafiz Məmmədov yenidən güclü Bakı quracaq
"Bakı"nın sabiq yarımmüdafiəçisi Ernad Skuliç Azərbaycan çempionatının indiki səviyyəsi, milli komandamızın Robert Prosineçkiyə tapşırılması, eləcə də öz karyerası barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:
"Azərbaycan futbolunu həmişə izləməyə çalışıram. Mənə elə gəlir ki, səviyyə aşağı enib. İndi ancaq "Qarabağ"la "Qəbələ" öz gücünü qoruya bilib. Əvvəlki "Neftçi", "Bakı", "Xəzər Lənkəran" isə artıq yoxdur. Çox təəssüf ki, futbolunuz belə böhranla üzləşdi. Ümid edirəm ki, hər şeyi qaydasına qoymaq mümkün olacaq".
Skuliçin sözlərinə görə, onun keçmiş klubu ilə heç bir problemi olmayıb: "Bakı"nın heç vaxt mənə borcu qalmayıb. Mənim də bu klubla heç bir problemim olmayıb. Bu klub mənim üçün çox doğmadır, ikinci evim kimidir. Təəssüf ki, bu klubun indi maliyyə problemi var. Amma inanıram ki, Hafiz Məmmədov yenidən güclü "Bakı" yaradacaq".
35 yaşlı sabiq futbolçu həmçinin Robert Prosineçkinin Azərbaycan yığmasındakı fəaliyyəti barədə də danışıb: "Bilirəm ki, komandanız bir neçə gün öncə Qazaxıstana uduzdu - 0:1. Amma Prosineçkinin Azərbaycan yığmasında yaxşı işlər görəcəyinə əminəm. Komandanız matçdan-matça daha yaxşı oynayacaq. Xorvatiyada hamı onu yığmanın baş məşqçisi görmək istəyirdi. Hətta mən də. Amma o, Azərbaycan yığmasını seçdi. Yeri gəlmişkən, mən onun ilinə 1.2 milyon qazandığını bilmirdim. Hər məşqçi öz qiymətini bilir. Bu da Prosineçkinin qiymətidir və o, işi ilə bunu qarşılayır".
Skuliç Azərbaycan yığmasının DÇ-2018-in seşmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlardakı şanslarından da söz açıb: "Rəqibləriniz güclüdür. Ən güclüsü isə Almaniya yığmasıdır. Fikrimcə, komandanız da bu qrupda uğur qazana bilər. Ümid edirəm ki, qarşıdakı vaxt ərzində bütün maliyyə çətinlikləri geridə qalacaq".
"Bakı"nın sabiq oyunçusu öz karyerasından da söz açıb: "Oyunçu karyeramı artıq başa vurmuşam. Hazırda UEFA-nın B kateqoriyalı məşqçim var. Tezliklə A kateqoriyalı kurslara yazılacağam. Hazırda Zapreşiç "İnter"inin uşaq komandasında çalışıram".
