Tural Qürbətov: Meydana hərbi formada çıxacağımızı bilmirdik
"Xəzər Lənkəran"ın hücumçusu Tural Qürbətov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la matçın birinci hissəsi elə də pis alınmadı. Biz diqqətsizlikdən qol buaxdıq. Deməzdim ki, Mahir Mədətov hansısa ustalıq nümayiş etdirib qol vurdu. O, hər iki epizodda topu boş qapıya göndərdi. Hər ikisində də bizim səhvimiz sözünü dedi. Hesab 1:1 olanda matçın elə də bitəcəyini düşünürdüm. Amma ani diqqətsizlik ikinci qolla nəticələndi. Vurduğum qola gəlincə, sevinirəm. Bu qolda İbrahim Şehiçin səhvi də öz rolunu oynadı".
Qürbətli meydana əsgər forması ilə çıxmalarına da münasibət bildirib: "Etiraf edim ki, bunu mən də bilmirdim. Amma yaxşı düşünülmüş addım idi. Bütün şəhid olan qardaşlarımızın yaxınlarına başsağlığı verirəm. Qol vurmaqla biz də onları yad etdik. Mənim də qardaşım hazırda hərbidədir, əsgərdir. Allah özü onların hamısına kömək olsun".
