Diniyev: Belə məğlubiyyət Kəpəzə yaraşmır
AZAL - “Kəpəz” oyunundan sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransında iştirak edib. Azerisport.az xəbər verir ki, Nizami yurdunun təmsilçisinin çalışdırıcısı Şahin Diniyev məğlubiyyətlə bağlı bunları deyib:
“Belə oyundan sonra danışmaq çox çətindir. Əvvəlcə AZAL-ı qələbəyə görə təbrik edirəm. Taktiki cəhətdən ağıllı oynayaraq ələ düşən qol vəziyyətlərindən maksimum istifadə edə bildilər. Nəticəyə yox, oyuna görə futbolçularıma təşəkkür edirəm. Oyunu hücumda keçirərək uduzdular. Belə məğlubiyyət “Kəpəz”ə yaraşmır. İrəli baxmaq lazımdır. Futbolda hər bir şey olur. Bizim üçün bu oyun nəticə baxımından faciəvi oldu. Səhvlərimizi təhlil edib, minimuma endirməliyik. Məsuliyyəti mən daşıyıram. Müdafiədə boşluqlar buraxdıq. Fərdi səhvlərdən qollar buraxdıq. İlk qoldan sonra hesabı dəyişmək üçün irəli atıldıq. Meydanda hücumçuların sayını artırdıq ki, nəticəni dəyişək, amma alınmadı”.
