Ramazan Abbasov: Neftçi üzərində qələbələr təsadüfi deyil
"Rəvan"ın kapitanı Ramazan Abbasov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Paytaxt derbisi öncəsi favorit "Neftçi" göstərilirdi, amma siz qələbə qazandınız...
- Bizim bu oyunda qələbə qazanmağımızı sensasiya hesab etmirəm. Amma razıyam ki, çox adam rəqib komandadan qələbə gözləyirdi. Lakin bizim itiriləsi heç nəyimiz yox idi. Hətta heç-heçə də bizi qane etmirdi. Üç xal qazanmalı idik, buna da nail olduq.
- Komandanız bu mövsüm "Neftçi" ilə oyunlarda 7 xal qazanıb. Demək olar ki, "Rəvan" bu komandadan xal almağın sirrini bilir?
- Gördüyünüz kimi, bilirik. Çünki "Neftçi"yə rəqib meydanında da qalib gəlmişik. Bu qələbələr təsadüfi deyil.
- Siz "Neftçi" ilə oyunlara xüsusi köklənirsiniz? Axı digər görüşlərdə belə oynamırsınız...
- Hansısa xüsusi hazırlıq olmur. Sadəcə, bu komanda ilə oynamaq bizdə daha asan alınır.
- "Rəvan" ilk dəqiqələrdən qol vurdu və sonadək müdafiə olundu. Rəqibin hər an hesabı bərabərləşdirə biləcəyindən qorxmurdunuz?
- Biz tam müdafiəyə çəkilməmişdik. Rəqibi meydanın onlara aid hissəsində qarşılamağa, əks-hücumlar qurmağa çalışırdıq. Xoşbəxtlikdən sonadək üstünlüyümüzü qoruya bildik.
- Bu qələbəyə görə rəhbərlik hansısa mükafat verəcək?
- Görəcəyik. Yəqin ki, nəsə olar.
- Qələbə "Xəzər Lənkəran"la xal fərqini üçə endirməyə imkan verdi...
- Bizim bu komandaya çatmaq, onları keçmək üçün yaxşı şansımız var. Qarşıda "Zirə" ilə oyun var. Öz meydanımızda oynayacağıq. Yaxşı nəticəyə ümid edirik.
