Aleksandr Çertoqanov: Hələ karyeramı başa vurmaqla bağlı qəti qərara gəlməmişəm
"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Mövsümün sonunda karyeranızı doğrudan da başa vurmağı düşünürsünüz?
- Hələ mövsümün sonunda karyeramı başa vuracağıma tam dəqiq qərar verməmişəm. Həmin vaxt özümü necə hiss etdiyimə baxacağam. Hər yay karyeramı başa vurmağa hazırlaşıram, sonra yenidən oynamağa başlayıram (gülür). Tutarlı təklif olsa, oynamağa davam etməyim mümkündür. Hələ qərar verməmişəm.
- "Yuventus"un 38 yaşlı qapıçısı Canluici Buffon 40 yaşına kimi oynayacağını deyib. Sizin isə hələ 36 yaşınız var...
- Mən rekord üçün oynamıram. Sadəcə, futbol oynamaq üçün buradayam. Nə qədər ki, gücüm var, meydanda olacağam. Oynamaq və həzz almaq istəyirəm. Komandam yaxşı çıxış etsə, bu, mənim üçün ikiqat motivasiya olar. 40 yaşımda məğlub olmaq istəmirəm.
- Böyük futbol ölkələrində əksər oyunçular sizin yaşınızda artıq özü üçün kifayət qədər böyük pullar qazandığından karyerasını başa vurub, həyatını istirahətə həsr edir. Bəs Azərbaycanda futbolçular bu yaşda hansı hədəf üçün oynayır?
- Bu yaşda artıq çox pul qazana bilmirsən. Mən pula görə oynamıram. Futbol mənim üçün alışqanlıq yaradıb. Məşqlər, toplanışlar, oyunlar. Hələ ki, özümü futboldan kənarda təsəvvür edə bilmirəm.
- Azərbaycanda məşqçi kurslarına yazılmaq dəbə minib. Sizi də həmin kurslarda görməyimiz mümkündür?
- (gülür) Hələ məndə elə arzu yoxdur. Karyeramın sonunda ailəmin yanına gedib, onlarla birgə olmaq istəyirəm. Məşqçilik kurslarına başlasam, yenidən ailəmdən kənarda qalmalı olacağam.
- Qarşıdakı "Zirə" ilə oyundan nə gözləyirsiniz?
- Bizim üçün asan oyun yoxdur. Son dövrlər oyunumuz da yaxşı alınmır. Növbəti matçda uduzmaq istəmiriksə, daha yaxşı çıxış etməyə çalışmalıyıq. Çünki rəqib əbəs yerə ikinci pillədə qərarlaşmayıb, təhlükəli komandadır.
- Sizcə, oyununuz niyə alınmır ki?
- İki ardıcıl qələbə qazanmağımıza baxmayaraq, bizi tənqid edirlərsə, deməli, hər şey pisdir. Qələbə yaxşıdır. Amma klub rəhbərliyi sərgilədiyimiz oyuna görə narahatdır. Oyunumuzun niyə getmədiyini bilmirəm. Məşqçilər korpusu əlindən gələni edir. Amma meydanda olarkən oyunumuz getmir. Ümid edirəm ki, qarşıdakı turlarda bu problemi də geridə qoyacağıq.
