Topaz Premyer Liqasında sonun başlanğıcı
Bu gün Topaz Premyer Liqasında dördüncü dövrəyə start veriləcək. Azerisport.az xəbər verir ki, sonuncu dövrənin açılış - 28-ci turunun qarşılaşmaları eyni gündə baş tutacaq.
Günün ilk matçında AZAL "Kəpəz"lə qarşılaşacaq. Paytaxt və Gəncə klubları tarixləri ərzində 16-cı dəfə üz-üzə gələcəklər. Əvvəlki 15 oyundan 9-da "təyyarəçilər" 3 xala seviniblər. 3 dəfə "Kəpəz" qalib gəldiyi halda, 3 dəfə də heç-heçə qeydə alınıb. Top fərqində də bakılıların diqqətçəkən üstünlüyü var - 23:8. Amma “Kəpəz” cari mövsümə təsadüf edən son 3 oyundan xalsız və qolsuz ayrılmayıb. Gəncəlilər bu rəqibini ev oyunlarında 1:0 və 2:0 hesabıyla məğlub edib. Şüvəlanda baş tutan qarşılaşmada isə 1:1 hesabı qeydə alınıb. AZAL indiyədək evdə bu rəqibinə uduzmayıb. Ardıcıl 4 matçdır qonaq komanda qələbə qazanmır. Statistik məqamlarla yanaşı, bu komandaların iddiaları da "AZAL Arena"da baş tutacaq görüşə marağı artırır. Son turda iddialı rəqiblərinə qalib gəlmək özündən söz etdirən bu komandalar avrokuboklara vəsiqə qazanmaq istəyirlər. Tərəflərin öz aralarındakı oyunda hansı nəticənin qeydə alınacağı isə maraqla gözlənilir.
Son turda səfərdə "Kəpəz"ə uduzan və ikinci pillədə qərarlaşan "Zirə" bu dəfə doğma meydanda "Sumqayıt"la qarşılaşacaq. Paytaxt təmsilçisi əvvəlki oyunlarda rəqibinə məğlub olmayıb. Həmin üç görüşdən birincisində qapılara qol vurulmamışdı. Sumqayıtda baş tutan son oyunda isə zirəlilər 2:0 hesabıyla qalib gəliblər. Halbuki, paytaxtdakı yeganə qarşılamada hər iki komanda qol vurub, sonda isə meydan sahibləri qalib gəlib - 3:2. "Zirə" həm də top fərqində öndədir - 5:2. Adil Şükürovun komandası son turdakı məğlubiyyəti unutdurmaq üçün bu dəfə mütləq qələbə qazanmağa çalışacaq. Amma son turlarda pis oynamasına rəğmən, qələbə qazanmağı bacaran sumqayıtlılar da çətin səfərdən ən azı bir xalla qayıtmaq istəyirlər.
Bu oyunla eyni saatda lider "Qarabağ" səfərdə "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək. Ağdam və Lənkəran təmsilçiləri tarixdə 36-cı çempionat matçına çıxacaq. Əvvəlki 35 oyundan 12-də cənublular, 18-də ağdamlılar qalib gəliblər. Cəmi beş görüşdə qalib müəyyənləşməyib. Top fərqində də "Qarabağ" öndədir - 41:37. Ağdam klubu “Xəzər Lənkəran”la ardıcıl 3 oyunda qapısının toxunulmazlığını qoruyub. “Qarabağ” son 8 oyunda meydanı qolsuz tərk etməyib. “Xəzər Lənkəran” isə 7 görüşdür bu rəqibinə qalib gəlmir. Cari mövsümdə baş tutan oyunlara gəlincə, Qurban Qurbanovun komandası öncə doğma meydanda, daha sonra səfərdə 1:0 hesablı qələbə qazanıbsa, üçüncü dövrədəki qarşılaşmada "ağ-yaşıllar"a 3 cavabsız qol vurub. Elə bu dəfə də matçın favoriti "Qarabağ" göstərilir və cənub klubuna şans tanıyan demək olar ki, yoxdur.
Bu turda paytaxt derbisi də baş tutacaq. Çempionatın aşkat autsayderi "Rəvan" "Neftçi" ilə üz-üzə gələcək. Tərəflərin əvvəlki 11 oyunundan 8-də "Neftçi", cəmi 2-də "Rəvan" qalib gəlib. Daha bir qarşılaşma isə sülhlə bitib. Top fərqində də "ağ-qaralar"ın üstünlüyü var - 17:9. Son iki oyunda “Neftçi” qalib gəlməyib. Ardıcıl 4 matçdır hər iki komanda qol vurur. “Neftçi” isə 8 oyundur meydanı qolsuz tərk etmir. “Rəvan” son 3 ev matçında xal qazanmayıb. Bu mövsüm baş tutan görüşlərə gəlincə, "Neftçi" birinci dövrədə səfərdə 3:1 hesabıyla məğlub etdiyi "aslanlar"la son iki oyunda bacarmayıb. Özü də ev oyunlarında. Belə ki, "Bakcell Arena"da baş tutan görüşlərin birində 3:2 hesablı qələbəyə sevinən "Rəvan" son matçda da heç-heçə edib - 1:1.
Turun mərkəzi oyununda isə “İnter” “Qəbələ”nin qonağı olacaq. Bu iki klub 32-ci dəfə qarşılaşacaq. Paytaxt təmsilçisi əvvəlki oyunlarda daha ciddi uğurlar qazanıb - 14 qələbə, 10 heç-heçə. "Qəbələ" isə sadəcə, 7 dəfə 3 xala sevinib. Top fərqi də bakılıların xeyrinədir - 44:26. “Qəbələ” son 6 oyunda meydanı qolsuz tərk etməyib. Qəbələdəki son 3 matçda 1:1 hesabı qeydə alınıb, ardıcıl 6 dəfə isə hər iki komanda qol sevinci yaşayıb. Bu mövsüm baş tutan görüşlərə gəlincə, "İnter" birinci dövrədə "Qəbələ"ni 2:1 hesablı məğlubiyyətlə yola salmışdı. Qəbələdə baş tutan növbəti oyunda 1:1 hesabı qeydə alınmışdısa, üçüncü dövrədə bakılılar doğma meydanda 0:1 hesabıyla uduzublar.
Topaz Premyer Liqası
28-ci tur
3 aprel
15:00. AZAL – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. “AZAL Arena”.
16:00. “Zirə” - “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zirə İdman Kompleksinin stadionu.
16:00. “Xəzər Lənkəran” - “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Vüsal Qənbərov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
17:00. “Rəvan” - “Neftçi”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Bayıl Arena”.
19:00. “Qəbələ” - “İnter”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Qəbələ şəhər stadionu.
| 1 | Qarabağ | 27 | 18 | 6 | 3 | 47-17 | 60 |
| 2 | Zirə | 27 | 14 | 8 | 5 | 33-22 | 50 |
| 3 | Kəpəz | 27 | 12 | 9 | 6 | 35-23 | 45 |
| 4 | İnter | 27 | 12 | 8 | 7 | 26-18 | 44 |
| 5 | Qəbələ | 27 | 11 | 8 | 8 | 32-23 | 41 |
| 6 | AZAL | 27 | 10 | 6 | 11 | 19-27 | 36 |
| 7 | Neftçi | 27 | 9 | 8 | 10 | 27-30 | 35 |
| 8 | Sumqayıt | 27 | 6 | 10 | 11 | 29-37 | 28 |
| 9 | Xəzər Lənkəran | 27 | 3 | 5 | 19 | 11-36 | 14 |
| 10 | Rəvan | 27 | 2 | 8 | 17 | 18-44 | 8 |
Bombardirlər:
10 - Nelson Bonilya ("Zirə").
9 - Riçard Almeyda, Dani Kintana ("Qarabağ"). Ruslan Qurbanov ("Neftçi").
