Denis Silva: İstənilən halda mövsümü yüksək pillələrdə başa vurmaq istəyirik
"İnter"in müdafiəçisi Denis Silva Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Qarşıdakı oyundan nə gözləyirsiniz?
- Hazırlıq üçün vaxtımız az oldu. Amma buna baxmayaraq, toparlanmalı və bu oyunda bizim üçün müsbət bir nəticəyə imza atmalıyıq.
- Komandanızın avrokuboklardan kənarlaşdırılması bu mövsümkü motivasiyanıza mənfi təsir göstərməyəcək?
- Xeyr. Biz bu mövsümü istənilən halda yüksək pillələrdə başa vurmaq istəyirik.
- "Qəbələ" ardıcıl üç turdur uduzur. Bu seriyanı dördə çatdıra biləcəksiniz?
- Bunun üçün əlimizdən gələni edəcəyik. Bizim üçün bu oyun finala bərabərdir. Çətin olacaq. Amma biz qələbə qazana bilərik.
- "İnter" mövsümün ən önəmli oyunlarında xallar itirir...
- Biz meydanda əlimizdən gələni edirik. Sadəcə, bu, hər dəfə nəticə vermir. Çalışırıq. Alınmayanda da nə etmək olar?
- Hücum xəttində aşkar problemləriniz var...
- Bu sual müdafiəçilərə verilməməlidir. Bunu baş məşqçidən soruşmağınız daha yaxşı olardı. Mənim bu barədə danışmağım etik cəhətdən düzgün olmaz.
- "İnter" "Neftçi" ilə oyunda Nika Kvekveskirinin olmaması azmış kimi, kapitan Nizami Hacıyevi növbəti dəfə itirdi...
- Onların hər ikisi bizim üçün vacib futbolçulardır. Amma onlarsız da qələbə qazana bilərik və qalib gəlməliydik. Onların komandadakı rolu böyükdür. Lakin mən məğlub olmağımızı onların yoxluğu ilə əlaqələndirməzdim.
