Vaqif Sadıqov: Deməli, milli hələ tam formalaşmayıb
AFFA Klublar Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun azerisport.az saytına müsahibəsi
- Ad gününüz mübarək! Yaşınızı necə qeyd edirsiniz?
- Azərbaycan yığmasının Antalya toplanışına işgüzar ezamiyyətdən sonra soyuqlamışam. Hələ də xəstəyəm. Amma ad günlərimi adətən evdə qeyd etmirəm. İşdə keçirirəm.
- Bəs 57 yaşlı veteran futbolçu özünü necə hiss edir?
- Hər bir ad günü geriyə dönüb baxmaq, ötən günləri yada salmaq üçün bir əsas verir. Nazim Hikmət demişkən, ən gözəl illərimiz hələ yaşamadıqlarımızdır. Həyatda bu devizlə yaşamağa çalışıram. Özümü ailəmə və sevimli ölkəmə həsr etməyə davam edirəm.
- Ötən ildən etibarən məşqçilik fəaliyyətinizi fərqli sahəyə dəyişdiniz. Elə bu sahədə də qalmaq fikrindəsiniz?
- Gələcəkdə nəyin necə olacağını demək çətindir. Bircə söz deyə bilərəm ki, istənilən halda futbolda olacağam. Həyatımı bu oyuna həsr etməyə çoxdan qərar vermişəm. Azərbaycan futbolunun inkişafına öz töhfəmi vermək istəyirəm. Hansı işlə məşğul olacağım vacib deyil. Əsas odur ki, futbolla yaşayacağam.
- Həyatınızın hansı dövrünü daha uğurlu hesab edirsiniz?
- Bütün dövrlərini. Mən xoşbəxt həyat yaşayıram. Özümü Azərbaycan futboluna həsr etmişəm, bundan sonra da elə olacaq.
- Təsadüfən, millimizin Qazaxıstana yoxlama oyununda 0:1 hesabıyla uduzduğuna görə hirslənib xəstələnməmisiniz?
- Mütləq belə bir gündə bu cür sual verməliydiniz (gülür). Bu məğlubiyyət bizim xeyrimizə də işləyə bilər. Ötən il yığmamız üçün uğurlu alındı. Bu ilə pis başladıq. Təkcə nəticəyə yox, oyuna görə də məyus oldum. Amma məşçqilər korpusu, futbolçu heyəti hər halda bunun səbəbini daha yaxşı bilir. Vəziyyəti düzəltmək üçün xeyli vaxt var. Əsas odur ki, sentyabr ayına qədər yaxşı forma yığaq. O zaman lazım olan nəticələr də gələcək.
- Heyətlə bağlı itkilərin bunda nə dərəcədə təsiri oldu?
- Millidə belə bir anlayış olmamalıdır. Azərbaycan pasportu olan istənilən futbolçu yığmada oynamağa hazır olmalıdır. Bir neçə futbolçunun yoxluğunda komandada problem yaranırsa, deməli, milli hələ tam formalaşmayıb.
