Rüfət Dadaşov milliyə dəvət almamasından narazıdır
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov millimizə dəvət almamasından, eləcə də şərəfini qoruduğu "Germania Halberştadt" klubundakı durumundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klubda işlərimizin hamısı öz axarı ilə gedir. Komandam üçün qollar vurmağa davam edirəm. Üç oyunda beş qol vurdum. Şadam ki, işlərim yaxşı gedir. Amma daha yaxşı oynamaq istəyirəm. Bütün bunlara baxmayaraq, məni yenə Azərbaycan yığmasına dəvət etmirlər. Niyə? Cavabını bilmirəm. Robert Prosineçkinin mənə niyə şans vermək istəmədiyini anlamıram. Klubumla müqaviləm mövsümün sonunda başa çatacaq. Menecerim artıq indidən mənə yeni klub axtarmağa başlayıb. Azərbaycan klublarından hansısa biri mənə təklif göndərsə, danışıqlar apara bilərəm. Amma bunun üçün Azərbaycanda mənim nömrəmi bilməlidirlər".
