Qriqorçuk: Uduzduğumuz oyunların biri istisna olmaqla, heç birində məğlubiyyətə layiq olmamışıq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi
- "Qəbələ"də nə baş verir? Ardıcıl üç oyundur uduzursunuz...
- Məğlubiyyətlər fərqli olur. AZAL-la oyunda biz daha artığına layiq idik. Çünki komandamız çox yaxşı oynadı. Amma "Qarabağ"la görüşü götürsək, həmin oyunun nəticəsi gördüyümüz işə uyğun idi. Bu, bizim yeganə oyunumuz idi ki, məğlubiyyətdən artığına layiq deyildik.
- AZAL-a məğlubiyyətdən sonra belə müqayisələr aparılmağa başlandı ki, sizin futbolçular böyük pullar qazandıqları halda ayına 400-600 manat maaş alan oyunçulara uduzdular...
- Bu, axmaqlıqdır. Hesab edirəm ki, "Qəbələ"nin pulunu saymaq düzgün deyil. Situasiyalar fərqli olur. Diletant fikirlərin dalınca getməyə ehtiyac yoxdur.
- Bəs son uğursuzluqlara görə kim günahkardır?
- Günahkar axtarmaq lazım deyil. Ağılla və sakitcə bu vəziyyətdən çıxmağa çalışmalıyıq. Öz üzərimizdə çalışmağa davam etməliyik.
- Komanda meydanda sizin tapşırıqlarınızı yerinə yetirir?
- Bəli. AZAL-la oyundan sonra onlara təşəkkürümü də bildirdim. Onlar çox çalışdılar. Komanda məyusdur. Səhvlər var idi. Amma biz ruhdan düşmürük və çalışmağa davam edəcəyik.
- "Qəbələ" avrokuboklardan kənarda qalmaq riski ilə üz-üzə qala bilər?
- Biz beynimizi belə fikirlərlə yormamalıyıq. Özünə inanmaq, səhvlərini düzəldib, irəli getmək haqda düşünmək lazımdır. Bir daha qeyd edirəm ki, biz bu mövsüm sadəcə, bir görüşdə oyuna görə məğlub olmuşuq, qalanlarının heç birində uduzmağa layiq deyildik.
- Bəs vəziyyət belə davam etsə, onda necə olacaq?
- Mən heç nədən qorxmuram. Tamamilə sakitəm. Hətta uduzmağa davam etsək də, peşəkaram. Qeyri-peşəkar məsələlərdən danışmaq mənə ağırdır. Şübhəsiz ki, belə məğlubiyyətlərdən sonra tənqidlər olmalıdır. Komanda qalib gələ bilmirsə, tənqidi haqq edir. Biz Tanrıya minnətdar olmalıyıq ki, belə bir vəziyyətə düşmüşük. Məhz belə vəziyyətlərdə güclü komanda meydana gəlir. Ola bilər ki, bu, bütün futbolçulara təsir etməsin. Amma elə güclü fiqurlar yarana bilər ki, bütün komandanı arxasınca daşıyar.
- Qarşıdakı "İnter"lə oyundan nə gözləyirsiniz? Bu komandada motivasiya yəqin ki, UEFA-nın məlum qərarı ilə əlaqədar ürəkaçan deyil...
- Razılaşmıram. Komandanı motivasiyadan heç nə məhrum edə bilməz. Əminəm ki, onlar da bu fikirdədirlər. Futbolçu meydana çıxanda oyundan başqa onu narahat edən başqa heç nə olmur. Çətin ki, "İnter"in futbolçuları bizimlə oyunda avrokuboklarda barədə düşünsün. Rəqib güclü komandadır. Futbol oynamağı bacarırlar. Bizi ciddi sınaq gözləyir. Qələbə qazanmaq istəyirik.
