Murad Səttarlı: Belə davam etsək, niyə də avrokuboklara vəsiqə qazanmayaq?
AZAL-ın yarımmüdafiəçisi Murad Səttarlı Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Qəbələ" üzərində qələbə qazandıqları oyundan sonra azerisport.az saytənən suallarını cavablandırıb.
- Matçla bağlı təəssüratlarınız?
- Maraqlı və gərgin oyun alındı. Hesabı qonaqlar açsa da, fasilədə toparlanmağı bacardıq və ikinci yarıda daha istəkli oynadıq. Qələbə qazanmağı çox istəyirdik. Şadam ki, istəyimizə çatdıq.
- Tərlan Əhmədov fasilədə sizə nə dedi ki, tam fərqli ikinci hissə keçirdiniz?
- Birinci hissədə biz meydanın mərkəzini rəqibə vermişdik. Amma fasilədən sonra qonaqları meydanın özlərinə aid hissəsinə sıxışdırmağa başladıq. "Qəbələ"nin futbolçularını daha çox səhv etməyə məcbur etdik. Nəticədə, iki qol vurduq.
- Qələbə qolunun müəllifi siz oldunuz. Sizə elə gəlmir ki, həmin epizodda rəqib qapıçı Dmitri Bezotosnının səhvə yol verməsi də köməyinizə çatdı?
- Qapıya hər dəfə zərbə vuranda qol görmək istəyirəm. Bu dəfə alındı.
- AZAL "Qarabağ", "Neftçi" kimi rəqiblərlə yanaşı, "Qəbələ"yə də qalib gəldi...
- Biz hər oyuna ciddi hazırlaşırıq. Meydana hər dəfə qələbə üçün çıxırıq. Əlbəttə, hərdən buna nail ola bilmirik. Amma istəyimizə çatanda sevinirik.
- Siz daha çox solaxay futbolçu kimi tanınırsınız. Amma "Qəbələ" ilə oyunda zərbələriniz daha çox sağ ayaqla idi...
- Mən həm sol, həm də sağ ayaqla oynaya bilirəm. Bu, mənim üstünlüyümdür. Hər futbolçu iki ayağından da eyni dərəcədə yararlana bilmir.
- AZAL-ın indiki hədəfi nədən ibarətdir?
- Bundan sonra da belə davam etsək, avrokuboklara vəsiqə qazana bilərik. Niyə də olmasın?
- Millinin mart toplanışında siz də iştirak etdiniz. Özünüz necə hiss edirdiniz?
- Hər şey əla idi. Xüsusilə də millidəki atmosfer. Baş məşqçi Robert Prosineçki mənə heç bir söz demədi. Qazaxıstanla yoxlama matçında mənə də şans verəcəyini düşünürdüm. Amma o, kimin oynayacağına özü qərar verir və mən də bu qərarlara hörmətlə yanaşıram. Yəqin ki, hələ tez olduğunu düşünür. Yaxud da hansısa başqa səbəb var. Amma mən yığmaya dəvət aldığım üçün çox şadam.
