Kamran Quliyev: Yeddinci olsaq, mövsümün sonunda futbolçular yaxşı bonus alacaqlar
"Sumqayıt"ın prezidenti Kamran Quliyevin azerisport.az saytına müsahibəsi
- Bu gün ölkəmiz üçün kədərli gündür. Əvvəla ermənilər tərəfindən dünya azərbaycanlılarının soyqırımı günüdür. Bu gün həm də yaxşı tanıdığım yaxın bir dostumu itirdik. Mirkamil Rəhimov futbolumuzun inkişafı yoluna az iş görməyib. Belə bir insanı bu cür tez itirmək çox üzücüdür.
- Ötən gün komandanız "Xəzər Lənkəran" üzərində çətin qələbəyə sevindi. Amma üst pillələrdəki komandalarla xal fərqinizin çox olduğunu nəzərə alsaq, mövsümü sizin üçün bitmiş saymaq olar?
- Qarşıda hələ bütöv bir dövrə durur. Bu isə potensial 27 xal deməkdir. Əlbəttə, təbii ki, hamıya qalib gəlməyimiz, onları qabaqlamağımız mümkün deyil. Amma "Neftçi" və AZAL-ı keçmək şansımız var. Mövsümü səkkizinci pillədə başa vurmaq istəmirik.
- Bəs üst pillələrdə yer almağınız komandanıza nə verəcək ki?
- Hər mövsümü daha üst pillələrdə başa vurmaq istəyirik. Bu mövsüm də ən azı yeddinci olmalıyıq. Buna nail olacaqları halda, komanda üzvləri mövsümün sonunda yaxşı bonus alacaqlar.
- Son iki turda öncə "Rəvan", ardından "Xəzər Lənkəran"a qalib gəlsəniz də, sərgilədiyiniz oyun ürəkaçan deyildi...
- Komandamızın sərgilədiyi oyundan mən də narazıyam. Azarkeşlərimiz bizi həmişə dəstəkləyirlər. Ötən gün də yağışlı və soyuq hava olmasına baxmayaraq, oyuna gəlmişdilər. Amma komanda elə oynayırdı ki, sanki motivasiya, istək yoxdur. Maliyyə vəziyyəti pis olan klublar meydanda canlarını qoyurlar, amma bizim bəzi futbolçularımız bunu etmirlər. Komandanı biabırçı nəticədən Səlahət Ağayev xilas etdi. O, olmasaydı, gənc lənkəranlılar qələbə qazanacaqdılar. Biz nə bu oyunda, nə də "Rəvan"la görüşdə qələbəyə layiq idik. Hakimlərin də idarəçiliyi aşağı səviyyədə idi. Onların işindən ötən gün çox az adam razı qaldı.
- Vaqif Cavadov transferini uğursuz saymaq olar?
- Bir dövrə belə qənaətə gəlmək üçün azdır. Daha doqquz oyun qalıb. Ümid edirəm ki, sonrakı oyunlarda ondan gözlədiyimiz oyunu görə biləcəyik. Bu sözlərimi də tənqid kimi qəbul etməməlidir. Əksinə, bunu özünə dəstək saymalıdır. Vaqif bizim üçün qiymətli futbolçudur.
- Bəlkə siz də oyunçularınıza az maaş verməyə başlayasınız?
- Biz heç vaxt futbolçulara böyük məbləğ ödəməmişik. Məhz bunun sayəsində klubumuz ölkənin ən sabit maliyyə imkanlarına malikdir. Heç kimə borcumuz yoxdur, normal idarə edirik.
- Belə getsə, mövsümün sonunda heyətdə ciddi dəyişiklər mümkündür?
- Belə getsə, təbii ki. Özü də futbolçuların əksəriyyəti yola salınacaq. "Sumqayıt" bir ailə kimidir. Heç kimi incik yola salmırıq. Heç kimə borclu qalmırıq. Çox az klublar bununla öyünə bilər. Xeyli futbolçu "Sumqayıt"dan sonra böyük klublarda çıxış edib. Yaxşı məşqçimiz var və o, klubumuza lazımdır. Samir Abasov enerjili məşqçidir. Futbolçular da onun bu enerjisindən yararlanmalıdırlar. Eyni zamanda perspektiv barədə də düşünməlidirlər.
