Vəli Qasımov: Dmitri Sıçov Neftçi səviyyəsində futbolçu deyil
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov rusiyalı hücumçu Dmitri Sıçovun bu komandaya mümkün keçidi barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü deyim ki, biz bu məsələyə baxmırıq. Hətta baxsaydıq da, hesab edirəm ki, o, bizə uyğun deyil. Demək olar ki, hazırda o, "Neftçi" səviyyəsində futbolçu deyil".
Qasımov həmçinin futbolçularının son iki oyundan sonra mətbata açıqlama verməkdən imtina etməsinə də münasibət bildirib: "Mən buna görə onlara haqq qazandırmaq istəməzdim. Amma mənə elə gəlir ki, bu, komandamızın turnir cədvəlində qərarlaşdığı mövqe ilə əlaqədardır. Vəziyyəti sakitcə düzəltmək istəyirlər. Lakin mətbuata açıqlama vermələrinə dair onlara heç kim qadağa qoymayıb. Yəqin ki, özləri danışmaq istəmirlər".
