Zaur Svanadze: İnter bu mövsüm avrokuboklara vəsiqə qazanmalıdır ki...
"İnter"in baş məşqçisi Zaur Sanadze Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Neftçi"yə 0:1 hesablı məğlubiyyətdən sonra azerisport.az saytının suallarını cavablandırıb, eləcə də UEFA tərəfindən verilən məlum cəzaya münasibət bildirib:
- "Neftçi" ilə oyunda niyə qələbə qazana bilmədiniz?
- Futbol elə oyundur ki, sən qol vura bilməsən, mütləq sənə vuracaqlar. Bizim bu baxımdan problemlərimiz var idi. Çatışmazlıqları həll etmək lazımdır.
- "İnter" mövsümün ən vacib oyunlarında uduzur. Niyə?
- Dəqiq səbəb söyləmək çətindir. Ola bilsin ki, kadr itkilərinə görədir. Bu problem bizi bütün mövsüm izləyib. Son oyunda da qətiyyən bəxtimiz gətirmədi.
- Sizə elə gəlmir ki, Yuri Fomenko "İnter" səviyyəsində hücumçu deyil?
- Mənim onu meydana buraxmaqdan başqa çıxış yolum yox idi. Rauf Əliyev zədəlidir, Qara Qarayev oynaya bilmirdi. Nizami Hacıyev yenidən zədələndi.
- Hacıyevin zədəsi nə dərəcədə ciddidir?
- O, tibbi müayinəyə yollanıb. Zədəsinin nə dərəcədə ciddi olduğunu həkimlər deyəcək.
- Oyundan sonra məlum oldu ki, UEFA "İnter"i avrokuboklarda iştirakdan məhrum edib. Yəqin ki, bu, sizi "Neftçi"yə məğlubiyyətdən daha çox məyus etdi?
- Həyatın sonu deyil. Hələ bu qərardan şikayət edəcəyik. Amma hər şeyə rəğmən, öz işimizi görməyə davam edəcəyik. Mövsümü yaxşı yerdə başa vurmalıyıq. "İnter" avrokuboklara düşməlidir ki, diskvalifikasiya olunacağımız halda məhz bu mövsümü buraxaq. Diskvalifikasiyanı növbəti mövsümə saxlamaq olmaz.
- Qarşıda "Qəbələ" ilə oyun var...
- Həmin oyunda Nika Kvekveskiri sırada olacaq. Digər oyunçularımızı da meydanda görəcəyimizə ümid edirik. Çox çətin oyun olacaq. Rəqibimiz son turlarda xeyli xal itirib. Amma buna baxmayaraq, uğurlu çıxış etməyə çalışacağıq.
