Bayram Budaqov: Xəzər Lənkəranda oynamaq mənə xoşdur
"Xəzər Lənkəran"ın hücumçusu Bayram Budaqov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Sumqayıt"la oyundan nə gözləyirsiniz?
- Layiqli müqavimət göstərməyə çalışacağıq. Uduzmaq istəmirik. Əsas hədəfimiz xal qazanmaqdır.
- Siz "Xəzər Lənkəran"a yenicə keçsəniz də, artıq əsas heyətin üzvünə çevrilmisiniz. Öz çıxışınızı necə qiymətləndirərdiniz?
- "Xəzər Lənkəran"da futbolun, futbolçunun inkilafı üçün hər cür şərait var. Kollektiv də bir ailə kimidir. Həmişə bir-birimizi dəstəkləməyə çalışırıq. Yeddi aylıq fasilədən sonra yaşıl meydana qayıtmağım asan olmadı. Hələ də fiziki baxımdan tam hazır olmadığımı hiss edirəm. Amma hər şey öz əlimdədir. Üzərimdə daha çox çalışmalıyam.
- Hücumçu kimi siz də qol vura bilmirsiniz, komandanızın da quru seriyası davam edir...
- Komandama faydalı olmaq üçün meydanda əlimdən gələni edirəm. Azarkeşlərin dəstəyi də çox vacibdir. Allah eləsin ki, qol hesabımı açacağım, azarkeşlərimizi sevindirəcəyim gün də gəlsin. Buna nail olacaq gücdəyəm.
- XL son dövrlər hakimlikdən çox narazıdır. Doğrudanmı sizin uğursuz çıxışınız hakimliklə bağlıdır?
- Hakimlik barədə danışmaq mənim işim deyil. Sadəcə, ümid edirəm ki, bundan sonrakı oyunlarımızda hakimlərin bizim matçlarda buraxdıqları səhvləri görməyəcəyik.
- "Xəzər Lənkəran"a keçidiniz necə alındı?
- Məni baxışa dəvət etdilər və özümü yaxşı tərəfdən göstərə bildim. Cəmi bir neçə məşqdən sonra mənimlə müqavilə bağladılar. Bu klubda olduğuma görə şadam.
- Demək olar ki, hər oyunda uduzan komandada çıxış etmək necədir?
- Oyun baxımından heç kimə uduzmuruq. Hələ heç bir komanda bizimlə oyunda asan qələbə qazanmayıb. Hər oyunda çoxlu qol vəziyyətimiz olur. Sadəcə, qol vəziyyətlərindən daha yaxşı yararlanmalıyıq. "Xəzər Lənkəran"da oynamaq mənə xoşdur.
- Ukrayna "Dnepr"inin yetirməsi olduğunuzu nəzərə alsaq, nə vaxtsa yenidən bu kluba qayıtmağı düşünürsünüz?
- Hərdən "Dnepr"in oyunları ilə maraqlanıram. Çünki orada tanışlarım var. Mənim hədəfim yüksək səviyyədə futbol oynamaqdır. Tələbatlı futbolçu olmaq istəyirəm.
- Siz vaxtilə Azərbaycanın gənclərdən ibarət yığmasında da çıxış etmisiniz. Sizcə, Robert Prosineçkinin etimadını qazanıb, əsas millimizə də dəvət ala biləcəksiniz?
- Hər bir futbolçu yığma komandada oynamağı arzulayıram. Bunun üçün mən də öz üzərimdə çalışıram. Fikrimcə, indiki milli üzvləri səviyyəsinə çatsam, Prosineçki məni də diqqət mərkəzində saxlayar.
