Şakir Qəribov: Oyunçumuza ağ vərəqə göstərilməsinə hazır deyildik
AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Maltada təşkil olunmuş UEFA İnkişaf turnirindəki çıxışına münasibət bildirib. Azerisport.az xəbər verir ki, U-16 bu turnirdəki ilk oyununda Lixtenşteyn yığmasına 8:0 hesabı ilə qalib gəlmiş, ikinci qarşılaşmada Malta komandasına məğlub olmuşdu - 0:3. Belarusa qarşı son oyunda da meydanı məğlub tərk edən tərəf millimiz olmuşdu - 1:2. Nəticədə, yığmamız turniri 3-cü pillədə başa vurub.
Qəribov saytımıza açıqlamasında millimizin çıxışı ilə bağlı öncə bunları söyləyib: "Yeniyetmələrin inkişaf turnirində müəyyən yeniliklər tətbiq edildi. Xüsusilə də hakimlə mübahisə edən futbolçuya ağ vərəqənin göstərilməsini və həmin oyunçunun 8 dəqiqə meydandan kənarda qalmasını qeyd etmək istərdim. Bundan başqa, oyunun əsas vaxtı heç-heçə başa çatarsa, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə yer verilirdi. Sonda qalib komandanın aktivinə 2, məğluba isə 1 xal yazılırdı. Malta ilə oyunun əvvəlində - hesab heç-heçə olan zaman futbolçumuz hakimə etiraz etdiyinə görə cəzalı duruma düşdü. Biz də buna hazır deyildik. Malta bundan istifadə etdi və hesabı meydanda azlıqda qaldığımız zaman açdı".
Təcrübəli mütəxəssis bu yeniliyin faydalı olacağını düşünür: "UEFA-nın bunu tətbiq etməsinin müsbət məqamları var. Xüsusilə də gənc futbolçular üçün. Ağ vərəqənin tətbiqi futbolçuları nizam-intizamlı olmağa məcbur edir. Ola bilsin, gələcəkdə bunu böyükyaşlı futbolçulara da tətbiq etsinlər. Oyunlara gəldikdə, Lixtenşteynlə qarşılaşmanın ilk 10 dəqiqəsində artıq hesab 3:0 millimizin xeyrinə idi. Rəqib ardıcıl qollardan sonra sanki “nakdaun”a düşmüşdü. Amma zəif komanda deyildilər. Bizdən sonra Malta və Belarusla qarşılaşdılar və hər iki oyunda 2 top fərqi ilə uduzdular. Malta ilə oyunda da uşaqlar pis oynamadılar. Rəqibdən geri qaldığımızı deyə bilmərəm. Ən azı 3 epizodda futbolçumuz təkbətək epizodlardan yararlana bilmədi. Əvəzində rəqib yaratdığı imkanlardan maksimum istifadə etdi".
Qəribov millimizdəki problemlərdən də söz açıb: "Səhvlər var idi, komanda ilk dəfə Azərbaycandan kənara çıxmışdı, indiyə qədər belə turnirdə oynamamışdı. Belarusla oyunda da əlimizdən gələni etdik. Oyunun taleyini bəxt amili həll etdi. Böyükyaşlılar olsaydı, deyərdim, ustalıq səviyyəsi sözünü dedi. Ancaq bu yaşlılar arasında keçirilən oyunlarda “idman xoşbəxtliyi” vacib amildi. Ümumiləşdirsək, turnirdə 4 eynisəviyyəli komandanın iştirak etdiyini qeyd edərdim. Komandamızdakı çatışmazlıqları gördük. Yenə deyirəm, komanda qısa vaxt ərzində yığıldı. Baş məşqçi Rafiq Mirzəyev dedi ki, bəzi oyunçular sənədləri olmadığına görə yarışa aparılmadı. Buna baxmayaraq, komandada yaxşı futbolçular var".
MK üzvü qarşıdakı planlardan da danışıb: "Bakıdakı hazırlıq zamanı müxtəlif səbəblərdən kənarda qalan oyunçuları da dəvət edəcəyik. Hamısını yoxlayacağıq, kimin nəyə qadir olduğunu görəcəyik. Aprelin 15-də və 17-də Bakıda Slovakiya ilə yoxlama oyunları keçiriləcək. Çalışacağıq ki, milli komanda bu ilin payızında təşkil ediləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına qədər tam formalaşsın”.
