Rail Məlikov: Futbolu təkcə pula görə sevmirəm
AZAL-ın kapitanı Rail Məlikov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Qarşıdakı oyundan nə gözləyirsiniz?
- Vaxtilə "Qəbələ"də oynamışam, oradan dostcasına ayrılmışam. Əvvəlki kimi, indi də bu klubun rəhbərliyinə hörmətim var. Bu komandaya qarşı heç bir mənfi emosiyam yoxdur. Heyətimizdə bir neçə zədəli futbolçu var idi. Amma fikrimcə, onlar da bu oyuna hazır olacaqlar. Evdə oynayırıq, ona görə qələbə qazanmaq istəyirik.
- AZAL bu mövsüm öz meydanında heç bir komandaya uduzmayıb. Bu, sizə əlavə motivasiya verir?
- Nə vaxtsa uduzacağıq. Evdə oynayırıq, bizə əsas motivasiya verən də məhz budur. Amma bu mövsümkü ev oyunlarında uduzmamağımız bizə heç bir üstünlük qazandırmır. "Qəbələ" də bizimlə oyuna böyük motivasiya ilə çıxacaq. Onlar əsas rəqibləri "Qarabağ"la "Zirə"nin xal itirməsini arzulayıb, qələbə qazanmaq istəyəcəklər.
- Mövsümün sonunda klubunuzla müqavilənizin müddəti başa çatacaq. Planlarınız necə olacaq?
- AZAL-a qayıdandan sonra əvvəlki formamı bərpa edə bildim. Hər bir futbolçuda eniş və yüksəliş dövrü olur. İndi məndə hər şey qaydasındadır. Türkiyədən mənə təklif var. Birinci divizion klubudur. Fikrimcə, daha 2-3 il futbol oynaya bilərəm. Həm də bundan sonra müqavilənin maliyyə tərəfi mənim üçün daha böyük önəm kəsb edəcək. AZAL-da maliyyə vəziyyətinin yaxşılaşacağına ümidliyəm. Tərlan Əhmədov yaxşı kollektiv yaradıb. Hər şey yaxşı olsa, elə burada qalacağam.
- Vaxtilə "Neftçi" və "Qəbələ"də çox pul qazandığınız halda, indi 500-600 manata oynayırsınız. Bu, sizin üçün qəribə deyil?
- Bizim sabit maaşımız var - 500 manat. Əvvəllər böyük pullara oynayırdıqsa, indi niyə pulsuz oynamayaq? Futbolu təkcə pula görə sevmirəm.
- Azərbaycan yığmasının Qazaxıstanla yoxlama matçını izlədiniz? Berti Foqtsun dövrü ilə müqayisədə millidə nə dəyişib?
- Yığmamız indi daha çox hücum etməyə çalışır. Qazaxıstana uduzmasaydıq, daha yaxşı olardı. Əlbəttə, bu, yoxlama oyunu idi. Ola bilsin ki, Robert Prosineçki hansısa taktiki gedişləri yoxlayırmış, ona görə belə alındı. Qarşıda bütöv tsikl durur. Fikrimcə, orada tamam fərqli oyun, döyüşkən komanda olacaq.
