Ruslan Əmircanov: Belə düşünsək, Neftçiyə uduza bilərik
"İnter"in müdafiəçisi Ruslan Əmircanov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Paytaxt derbisindən nə gözləyirsiniz?
- Hansı komandaya qarşı oynadığımızı yaxşı anlayırıq. Son dövrlər "Neftçi" barədə çox xoşagəlməz söhbətlər dolaşır. Guya problemləri var, pis oynayırlar. Amma "Neftçi" "Neftçi"dir. Bu komanda hansı vəziyyətdə olmasından asılı olmayaraq, təhlükəli rəqibdir. Matça ciddi hazırlaşırıq. Çünki güclü rəqibə qarşı oynayacağıq.
- Axı güclü komanda indi yeddinci pillədə qərarlaşmazdı...
- Niyə olmur? Üç il əvvəl "İnter" də səkkizinci pilləyə düşmüşdü, amma sonda ikinci yeri tutduq. "Neftçi"nin bundan sonrakı bütün oyunlardan qalib ayrılmayacağına, ikinci olmayacağına kim zəmanət verə bilər? Hər şey ola bilər. Biz sabah turnir cədvəlinin yeddinci komandası ilə qarşılaşacağımızı düşünsək, uduza bilərik. "Qarabağ"ın da bütün rəqiblərindən güclü olduğu deyilir. Amma AZAL onlara qalib gəldi...
- "Neftçi" çoxdandır "İnter"ə qalib gələ bilmir...
- Bu, seriyamızın bu dəfə də davam edəcəyinə zəmanət vermir. Mən "Neftçi"də oynayarkən "İnter"in prezidenti Georgi Nikolov demişdi ki, "Neftçi" bizim abonentimizdir. Həmin sözlərdən sonra biz onlara rəqib meydanında qalib gəldik. Seriyamızın bu dəfə də davam edəcəyinə ümid bəsləsək də, arxayınlaşmaq olmaz.
- Turnir cədvəlinə baxanda nə düşünürsünüz?
- Bir müddət əvvələ kimi "İnter"in UEFA tərəfindən cəzalanacağı bildirilirdi. Amma biz hər şeyə rəğmən, ilk üçlükdəki mövqeyimizi qoruduq. "Zirə" ilə ikinci yer uğrunda mübarizə aparmağımızı da istərdim.
- Azərbaycan - Qazaxıstan yoxlama oyununda Rəşad Sadıqov meydanı tərk edərkən kapitan sarğısının yaxın dostunuz Kamran Ağayevə yox, Bədavi Hüseynova verilməsini necə qarşıladınız?
- Ağayevlə dost olsam da, bu barədə danışmaq istəmirəm. Çünki mən yığmaya dəvət almıram. Kapitan sarğısını da kimin daşıyacağına qoy özləri qərar versinlər.
