Birinci divizion klublarının cəzaları açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan Tovuz” - “Mil-Muğan” matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində “Turan Tovuz”un futbolçusu Natiq Səhrətov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
"Şahdağ” - “Bakı” matçının 86-cı dəqiqəsində “Bakı”nın futbolçusu Qeyrət Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Şəmkir” – “Göyəzən” matçının 86-cı dəqiqəsində “Göyəzən”in futbolçusu Orxan Əsgərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.
MOİK – “Neftçala” matçının 82-ci dəqiqəsində MOİK-in futbolçusu Royal Nəcəfov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
