Georgiyevski: Neftçidən Sadıqov yox, Süleymanovla Musayev getməli idi
"Neftçi" və "İnter"in sabiq yarımmüdafiəçisi Slavço Georgiyevskinin azerisport.az saytına müsahibəsi
- Nə işlə məşğulsunuz?
- Hazırda A kateqoriyalı məşqçi kurslarında iştirak edirəm. Matçlara baxıram, özüm üçün analizlər aparıram.
- Azərbaycan futbolunu izləyirsiniz?
- Əlbəttə. Orada neçə il futbol oynamışam. Başqa cür ola da bilməz.
- Futbolumuz kənardan necə görünür?
- "Qarabağ" həmişəki kimi, yaxşı çıxış edir. "Qəbələ"də havanın necə olacağını müəyyən etmək çətindir (gülür). "İnter" əvvəlki səviyyəsinə qayıtmağa çalışır ki, bu, məni çox sevindirir. Çünki bu klub mənim Azərbaycandakı son iş yerim olub. "Kəpəz" mənim üçün sürpriz oldu. Amma orada Şahin Diniyev kimi məşqçinin olduğunu nəzərə alsaq, bu nəticələr təəccüblü olmamalıdır. Təəssüf ki, "Xəzər Lənkəran" elə vəziyyətə düşüb.
- Bəs "Neftçi"?
- Bu komandanın azarkeşlərinin halına acıyıram. Onlar belə komandaya layiq deyillər. Komandanı dağıtmaq asandır, amma yenisini yaratmaq çətindir. Sabit çıxış etməyə çalışmaq lazımdır. "Qarabağ"la "İnter" kimi. Sadıq Sadıqov klubda qalmalı idi. Mən belə hesab edirəm.
- Amma böhran elə onun klubda olduğu dövrdən başlamışdı...
- Ola bilər. Amma dəyişmək lazım idisə, onun ətrafındakılarını göndərmək daha düzgün olardı. Çünki onlar aşkar şəkildə öz vəzifələrinin öhdəsindən gələ bilmirdilər.
- Konkret olaraq kimlər getməli idi?
- Məsələn, Tahir Süleymanovla Bəxtiyar Musayev. Onlar komanda üzvlərinə ikili münasibət göstərirdilər. Hansısa futbolçuya öz doğmaları kimi yanaşırdılarsa, bəzilərinə də kənar biri kimi davranırdılar. Böyük uğurlara imza atan komandanı isə Sadıq Sadıqovla Arif Əsədov yaratmışdı.
- Siz "Neftçi"ni ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə çıxaran Böyükağa Hacıyev barədə heç nə demədiniz...
- O, Əsədovun yaratdığı hazır komandaya rəhbərlik etməyə başladı. Bu, təxminən mənim indi "Barselona"ya baş məşqçi təyin olunmağıma bənzəyər.
- Sizcə, komandaya bundan sonra əcnəbi baş məşqçi rəhbərlik etməlidir, ya yerli?
- Əcnəbi məşqçi gətirmək səhv qərar olar. Yerli mütəxəssisə güvənmək lazımdır. Azərbaycanda məhz yerli mütəxəssislərlə uğur qazanmaq olur. Sadəcə heyətdə ciddi dəyişiklik etmək lazım deyil.
- Yayda Azərbaycan və Makedoniya yığmaları arasında yoxlama oyunu baş tuta bilər...
- Ümid edirəm ki, belə bir görüş baş tutar. Amma mən bu oyuna neytral bir şəxs kimi baxacağam. Hansısa komandaya üstünlük vermək istəmirəm. Çünki hər iki ölkə mənim üçün vacibdir.
