Elxan Abdullayev: Millinin formasını geyən hər futbolçu kapitan sarğısını daşımağa layiqdir
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev Qazaxıstana qarşı yoxlama oyunundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Yığmamızın ilin ilk oyunundakı məğlubiyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Matç məşq xarakteri daşıyırdı. Əlbəttə, heç kim uduzmaq istəmir. Amma bizim üçün belə oyunlar təkcə nəticə üçün yox, həm də eksperimentlər etmək, futbolçuları yoxlamaq üçün lazımdır. Bu və ya digər futbolçunun nəyə qadir olduğunu bilmək istəyirdik.
- Millimiz topa daha çox nəzarət etsə də, rəqib qapısı qarşısında çox qol vəziyyəti yarada bilmirdi...
- Hücumları məntiqi sonluqla başa vurmaq baxımından çatışmazlıqlar var idi. Bu oyun da ən azı heç-heçə bitməli idi. Rəqibdən iki baş üstün olduğumuzu iddia etmək fikrim yoxdur. Sadəcə, qol vəziyyətlərindən yaxşı yararlana bilməməyimiz heç-heçə etməyimizə mane oldu.
- Bəs milli üzvləri lazım gələcəyi halda fərqli mövqelərdə oynaya bilərlər?
- Bu informasiyanı mətbuata açıqlaya bilmərik. Öz müşahidələrimizi toplamışıq. Şübhəsiz ki, bəyəndiyimiz məqamlar da oldu, bəyənmədiyimiz də. Amma bir halda ki, uduzmuşuq, deməli, səhvlərimiz var idi. Səbəbləri də gözəl bilirik. Üzərində çalışacağıq. İlk rəsmi oyunumuza qədər hələ çox vaxt var. Eyni zamanda azarkeşlərin bizdən qələbə gözlədiyini də yaxşı anlayıram.
- Azarkeşlər bu futbolçuların çempionat oyunlarında daha yaxşı çıxış etdiyi halda, millidə həmin oyunu göstərmədiklərindən narazıdır...
- Bunun səbəbi aydındır. Əvvəla ondan başlayaq ki, çempionatımızın səviyyəsi elə də yüksək deyil. Məsələn, "Qarabağ"ın futbolçuları üçün Premyer Liqanın zəif komandaları ilə oynamaq beynəlxalq arenadakı rəqiblərlə müqayisədə asandır. Burada səviyyə daha yüksəkdir.
- Qazaxlarla oyunda kapitan sarğısının Bədaviyə verilməsi böyük rezonansa səbəb oldu...
- Bunu qabardan insanları anlaya bilmirəm. O, yığmamızın formasını geyinirsə, deməli, kapitan sarğısını daşımağa da layiqdir. Niyə insanları milliyətinə görə ayırmalıyıq? Şəxsən mənim üçün o, millinin digər üzvlərindən heç nə ilə fərqlənmir. O da kapitan sarğısını digər futbolçular qədər haqq edir. Niyə də yox? Öz oyunu ilə "Monako"ya, "Tottenhem"ə qarşı uğurlu oyun sərgiləyəndə hamı sevinirdi. Amma millinin kapitan sarğısını taxmasını hamı faciəyə çevirdi.
- İnsanları narazı salan məqam daha təcrübəli Kamran Ağayev meydanda olarkən sarğının Bədaviyə verilməsidir...
- Kapitan hakimə yaxın olmalıdır. Çünki mübahisəli epizodlar zamanı hakimlə məhz kapitan danışır. Əminəm ki, Ağayevdən də bunu soruşsanız, o, əleyhinə olmaz.
- Milli üzvləri arasında Ruslan Qurbanov çox tənqid olunur. Bəs məşqçilər korpusu bu barədə nə düşünür?
- O, bu oyunda çalışdı. Digər komanda yoldaşları kimi səhvləri var idi. Amma ən vacib olan onun özünü göstərmək istəyinin olması idi. Bunu bacardı, bacarmadı, başqa söhbətin mövzusudur.
