"Qriqorçukun tələblərini yerinə yetirə bilmirdik"
"Qəbələ"nin sabiq müdafiəçisi, hazırda Ukraynanın "Zarya" (Luqansk) klubunun şərəfini qoruyan Mixail Sivakov Azərbaycan karyerasının uğursuz alınmasından danışıb. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına müsahibəsində bunları söyləyib:
- Sabit maliyyə dayaqlarına malik, sizi yaxşı tanıyan baş məşqçinin çalışdırdığı "Qəbələ"ni "Zarya"ya dəyişməyiniz bir qədər qəribə görünür...
- Pul puldur, amma hər şeydən vacib deyil. Maliyyə baxımından doğrudan da "Qəbələ"də sabitlik var idi. Amma mənim üçün ağır olan başqa məqamlar var idi. "Zarya"ya keçdiyim dövrdə də pul birinci yerdə deyildi.
- Qəbələdə sizə ən böyük çətinlik yaradan nə idi?
- Ailəmin yanımda olmaması. Qəbələnin özü elə də böyük şəhər deyil. Bakıdan 2-3 saatlıq uzaqda yerləşir. Dağlara baxmaq imkanı qazanmaq doğrudan da gözəldir. Amma hər gün dağa baxmayacaqsan ki. Psixoloji baxımdan çətin idi. Üstəlik, Roman Qriqorçukun bizdən tələb etdiyini həyata keçirə bilmirdik. "Çernomorets"in sabiq oyunçuları onun tələblərindən yaxşı xəbərdar idi, amma digərləri yox.
- Sizə "Qəbələ"də qalmaq təklif olunmadı?
- Müqaviləmin müddəti bitdi, dərhal da "Zarya"dan təklif gəldi.
- Bəs Azərbaycanda sizə daha rahat olması üçün ailənizi niyə oraya aparmadınız?
- Birincisi, müqaviləmin müddəti qısa idi. İkincisi, Qəbələdə ailəni apara biləcəyin yer yoxdur. Qəbələdə otel var, komanda üzvlərinin hamısı orada yaşayır. Şəhərdə mənzil tapmaq real deyil. Oyunçulardan heç biri ailəsini oraya aparmamışdı.
