Əfran İsmayılov: Yoxlama oyunu olsa da, qazaxlara qalib gəlmək istəyirdik
Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov Qazaxıstana qarşı keçirilən yoxlama oyunundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.
- Oyunla bağlı fikirləriniz?
- Biz rəqibi yaxşı tanıyırdıq və çətin olacağını bilirdik. Qazaxıstanda da bizdəki kimi, futbol inkişafdadır. Qol epizodunda səhvə yol verdik və qazaxlar bundan yararlandılar. Ondan sonra rəqib müdafiəyə çəkildi. Hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı.
- Bəlkə yoxlama oyunu olduğuna görə qələbə elə də vacib deyildi?
- Xeyr, yoxlama oyunu olsa da, Qazaxıstana qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, alınmadı.
- Komandamız nə qədər çalışsa da, rəqib qapısı önündə bir dənə də real qol vəziyyəti yarada bilmədi?
- Qeyd etdiyim kimi, rəqib hesabı açandan sonra müdafiəyə çəkildi. Belə olan halda bizim üçün rəqib müdafiəsini yarmaq çətinləşdi. Ələ düşən şanslardan da yaxşı yararlana bilmədik.
- Bir həftəlik Antalya toplanışını necə dəyərləndirərdiniz?
- Əlbəttə, toplanışı qələbə ilə başa vurmağımız daha yaxşı olardı. Amma bu toplanışın yığmamıza böyük faydası olacaq.
