Ruslan Qurbanov: Matça qələbə üçün çıxacağıq
Futbol üzrə Azərbaycan yığmasının və "Neftçi"nin hücumçusu Ruslan Qurbanov Türkiyənin Antalya şəhərində Qazaxıstana qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Toplanış necə keçir?
- Əla. Baş məşqçi bizi elə də çox yükləmir. Gündə bir məşqlə kifayətlənirik. Qazaxıstanla oyuna tam hazır çıxacağıq.
- Sizcə, bu rəqibə qalib gələ biləcəksiniz?
- Rəqib yaxşı komandadır. Amma təbii ki, biz də oyuna qələbə üçün çıxacağıq. Fikrimcə, maraqlı matç alınacaq. Oyun həm bizə, həm də rəqibə faydalı olacaq.
- Robert Prosineçkinin güvəndiyi futbolçulardan biri də sizsiniz və qarşıdakı matça da start heyətdə çıxacaqsınız. Onunla "Neftçi"dəki çıxışınızı müzakirə etmisiniz?
- Bəli, söhbətimiz olub, bəzi səhvlərimin olduğunu deyib. Məsələn, meydanda çox emosional olduğumu bildirib. Şübhəsiz ki, "Neftçi"nin nəticələri bizim kimi, Prosineçkinin də ürəyincə deyil. Amma biz bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq.
- Millinin hücum xəttində rəqabət elə də güclü deyil. Buna görə Amil Yunanovla Rüfət Dadaşovun yığmaya çağırılması gözlənilsə də, bu, baş vermədi. Bu, sizin üçün üstünlükdür?
- Yığmada rəqabət həmişə var. Hər bir futbolçu özünü baş məşqçiyə göstərmək istəyir. Çünki heyəti məhz baş məşqçi müəyyənləşdirir. Şəxsən mən komandada rəqabətin olmasının həmişə tərəfdarı olmuşam. Rəqabət olan yerdə futbolçu da daha çox inkişaf etmiş olur.
- AFFA hazırda yığmamız üçün rəqib axtarışındadı. Kanada yığması ilə oynayacağımız dəqiqdir, eyni zamanda Makedoniya ilə danışıqlar davam edir. Sizcə, daha güclü rəqiblə qarşılaşmaq daha yaxşı olmazdımı?
- Əlbəttə. Bu daha böyük təcrübə toplamağımıza kömək edərdi. Amma mən Kanada və Makedoniya yığmalarını da zəif hesab etmirəm. Bizə bu komandalara qarşı oynamaq asan olmayacaq.
