Səlahət Ağayev: Qazaxlara qalib gəlmək istəyirik
Azərbaycan yığmasının və "Sumqayıt"ın qapıçısı Səlahət Ağayev Qazaxıstana qarşı keçiriləcək yoxlama oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Antalya toplanışı davam edir?
- Hər şey öz qaydasındadır. Həm toplanış, həm də məşqlərimiz yaxşı keçir.
- Qazaxıstanla matçdan nə gözləyirsiniz?
- Rəqibin yaxşı komanda olduğunu bilirik. Ciddi hazırlaşırıq. Qələbə qazanmaq istəyirik.
- Qazaxlara qalib gələ biləcəksiniz?
- Məğlubedilməz komanda yoxdur. Düzdür, rəqibin yaxşı heyəti var. Amma buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq.
- Son dövrlərdə Türkiyədə tez-tez terror aktları olur. Bundan ehtiyatlanmırsınız?
- Xeyr. Hər şey qaydasındadır.
- Millinin baş məşqçisi Robert Prosineçki sizinlə "İnter"dən "Sumqayıt"a keçməyinizi müzakirə etməyib?
- Xeyr, bu barədə danışmamışıq.
- Sizi "İnter"də əvəzləyən Kamran Ağayevlə yenidən millidə rəqabət aparmalı olursunuz...
- Mən "İnter"dən Kamrana görə getməmişdim. O, güclü qapıçıdır. Amma yığmada hər kəs komandanın daha da güclü olması üçün çalışır.
- "Sumqayıt"ın çıxışını necə qiymətləndirə bilərsiniz?
- "Sumqayıt" həmişə sona qədər mübarizə aparır. Bizim çoxlu gənc futbolçumuz var. İndi səkkizinci pillədə qərarlaşmışıq. Amma üst sıralara çıxmaq üçün çalışırıq.
- "İnter"dən getməyinizə təəssüflənmirsiniz?
- Bundan söhbət belə gedə bilməz. Hər şey normaldır. Futbol belədir, hərdən alınır, hərdən də yox.
