Yığmamızın yeni ildəki ilk sınağı
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, yığmamız 2016-cı ildəki ilk oyununda Qazaxıstanı sınağa çəkəcək.
Qeyd edək ki, Qazaxıstan Azərbaycan yığması üçün tanış rəqibdir. Belə ki, millimiz bu komanda ilə 9-cu dəfə üz-üzə gələcək. İndiyədək keçirilən oyunlarda komandalar hərəyə 2 qələbə qazanıbsa, 4 görüşdə qalib müəyyənləşməyib. Elə topların fərqində də bərabərlik var – 12:12. Tərəflər daha əvvəl 1 dəfə Antalyada qarşılaşıb. 2008-ci il fevralın 3-də keçirilən həmin oyunda qol qeydə alınmayıb. Daha bir yoxlama matçı isə 12 il əvvələ təsadüf edir. Qazaxıstanda baş tutan həmin qarşılaşmada millimiz 3:2 hesabı ilə qalib gəlib.
Qazaxlara qarşı keçirdiyimiz rəsmi matçlara gəlincə, onlardan ikisi AÇ-2008-in, daha ikisi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutub. AÇ-2008-in seçmə mərhələsindəki hər iki oyun 1:1 hesabıyla bitib. AÇ-2012-də isə Bakıda 3:2 hesabıyla məğlub etdiyimiz qazaxlara səfərdə 1:2 hesabı ilə uduzmuşuq.
Daha iki qarşılaşma isə müxtəlif turnirlər çərçivəsində baş tutub. 1993-cü ilə təsadüf edən ilk matç İranda təşkil olunan beynəlxalq turnirdə keçirilmişdi və 3:3 hesabıyla başa çatmışdı. 2007-ci ildə Çimkənddə keçirilən digər turnirdə isə qazaxlar 1:0 hesabıyla üstün olmuşdular.
Qazaxıstan yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 125-ci yeri tutur. Azərbaycan isə bu rəqibindən bir qədər öndə - 112-ci pillədə qərarlaşıb.
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 220-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 40-da qələbə qazanmışıqsa, 59-da da heç-heçə ilə təsəlli tapmışıq. 120 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 156 qol vurduğumuz halda, öz qapımızdan 375 top çıxarmışıq.
Yoxlama oyunu
26 mart
19:00. Azərbaycan - Qazaxıstan
Hakimlər: Ali Palabıyık, Ceyhun Səsigözəl, Kərəm Ersoy, Halil Umut Meler.
Antalya. "Qloriya Sports Arena".
