Vahabzadə: O, Qarabağda oynayırsa, niyə şans verməyim?
Azərbaycanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Yaşar Vahabzadə AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirilmiş səfər oyunundan (2:2) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyundan sonra Şahruddin Məhəmmədəliyevlə danışdım. O da səhvi olduğunu etiraf etdi. Lakin futbolda belə hallar olur. Buraxdığımız birinci qolda da səhv var idi. Ümumiyyətlə, səhv olmasa, qol da vurulmaz. Komanda ardıcıl 2 qol buraxsa da, qıraqdan onlara dəstək verirdik. Psixoloji gərginlik yaşamamaları üçün əlimizdən gələni etdik. Hücum xətti ilə bağlı problemlərimiz var idi. Kərim Benke zədəlidi. Onunla tez-tez əlaqə saxlayırdıq. Məşqlərə başlamışdı. Toplanışa qatılmalıydı. Lakin sonradan zədəsini yenilədi. Ona görə də yığmadan kənarda qaldı. Bu səbəbdən də Mahir Mədətova şans vermək qərarına gəldik. Mədətov son vaxtlar klubunda əsas heyətdə forma geyinir. Gənc və perspektivli futbolçudur. “Qarabağ”da oynayırsa, mən niyə ona şans verməyim? Yaxşı çıxış etdiyini söyləmək olar. Elnur Cəfərova gəlincə, Antalya toplanışından sonra o yalnız fərdi məşqlərlə kifayətlənir. Elnur bizə çox lazımlı futbolçudu. Amma bu gün o, 90 dəqiqə meydanda mübarizə aparmağa hazır deyil". (Futbolxəbər)
