Rahil Məmmədov: Rusiya yığmasından 4 xal almağımız təsadüf ola bilməz
Azərbaycanın U-21 yığmasının müdafiəçisi Rahil Məmmədov AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı səfər oyunundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı fikirləriniz...
- Ağır oyun oldu. Belə olacağını bilirdik. Bakıdakı matçla müqayisədə Rusiya yığmasının heyətində ciddi dəyişiklər var idi. Bütün çətinliklərə baxmayaraq, çətin səfər matçında bir xal qazanmağı bacardıq. Buna nail olmağımız xoşdur.
- Birinci hissədə qol vurulmadı. Fasilədə baş məşqçi sizə nə dedi ki, ikinci yarıda açıq oyun getdi?
- Birinci hissədə müdafiəyə daha çox diqqət ayırırdıq. Əsas diqqəti əks-hücumlara ayırmışdıq. İkinci hissədə isə daha açıq futbola üstünlük vermək qərarına gəldik ki, bu da pis alınmadı. İki qol vursaq da, özümüz də o qədər top buraxdıq.
- Nəticədən razısınız?
- Əlbəttə, qələbə qazanmaq istəyərdik. Amma Rusiya yığmasının necə güclü komanda olduğu hamıya bəllidir. Belə rəqiblə səfərdə heç-heçə də yaxşı nəticədir.
- Azər Salahlı ikinci hissədəki epizodların birində üçüncü qolu vura bilsəydi, komandamız qalib də gələ bilərdi...
- Həmin epizodda mən də qol olacağını gözləyirdim. Amma Mahirin ötürməsindən sonra Azərin bəxti gətirmədi. Futbolda belə hallar olur.
- Komandanı məğlubiyyətdən xilas edən qolu da siz vurdunuz...
- Qol vurduğum üçün çox sevinirəm. Amma bu uğura komandamızın hər bir üzvünün əziyyəti sayəsində nail olduq. Buna görə onların hər birinə təşəkkürümü bildirirəm.
- Səfər heç-heçəsi ilə Bakıdakı qələbənin təsadüfi olmadığını isbatladığınızı demək olar?
- Bu komandadan 4 xal aldıq. Belə təsadüf olmur.
- Millimizə qarşı rəqib düşərgədə Azərbaycan və erməni əsilli futbolçular çıxış edirdi...
- Düzünü deyim ki, Ramil Şeydayevlə Ayaz Quliyevin millimizə qarşı oynaması bizə heç bir təsir göstərmirdi. Amma rəqibin heyətində erməni futbolçunun olması bizə əlavə motivasiya verirdi. Baxmayaraq ki, Arşak Koryanın oyununda elə də ciddi nəsə görmədim ki, bizi daha çox özümüzdən çıxarsın.
- Qarşıda Finlandiya və Farer adaları ilə oyunlar var...
- Biz hər oyuna qələbə üçün çıxırıq. Qarşıdakı oyunlarda da belə olacaq.
