Adil Nağıyev: Mənim üçün Arşak Koryan da düşməndir, Ramil Şeydayev də
Azərbaycanın gənclərdən ibarət yığma komandasının müdafiəçisi Adil Nağıyev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandada hər şey normaldır. Matça tam heyətlə hazırlaşmışıq. Rusiyaya yenə qalib gəlməyə çalışacağıq. Bakıda buna nail olmuşuqsa, niyə də səfərdə təkrarlamayaq? Özümüzə inanırıq. Meydana da üç xal üçün çıxacağıq. Rusiya yığmasındakı hər bir oyunçuya hörmətlə yanaşırıq. Amma heç birindən çəkinmirik. Əsas diqqətli oynamaqdır. Çünki rəqib düşərgədə təhlükəli futbolçular var".
Nağıyev həmçinin rəqib komandanın heyətində Azərbaycan əsilli Ramil Şeydayevlə erməni Arşak Koryanın çıxış etməsinə də münasibət bildirib: "Koryan da, Şeydayev də mənim üçün düşməndir. Aydın məsələdir ki, Arşak ermənidir. Burada hər şey aydındır. Digərinə gəlincə, o, vətəni Azərbaycanı təmsil edən yığmanın şərəfini qorumaqdan imtina edib, Rusiyanı seçib. Amma mən meydana onlarla dalaşmaq üçün yox, futbol oynamaq, qələbə qazanmaq üçün çıxacağam. Allah eləsin ki, hər şey istədiyimiz kimi alınsın".
