Samat Smakov: Azərbaycan yığması döyüşkən və iddialıdır
Qazaxıstan yığmasının kapitanı Samat Smakov martın 26-da Antalyada (Türkiyə) Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Uşaqlar qarşıdakı oyuna yaxşı kökləniblər. Komandada əla atmosfer hökm sürür. Qarşıda bizi Azərbaycan və Gürcüstanla (29 mart) iki vacib oyun gözləyir. Futbolçuların hamısı özünü göstərmək istəyi ilə alışıb-yanır".
Smakovun sözlərinə görə, məşqçilər korpusu qarşıdakı oyunlarda taktiki eksperimentlərə əl atmayacaq: "Məşqçilərimizin sözlərinə görə, onlar hansısa ciddi dəyişiklərə əl atmayacaqlar. Hazırda yığmada ən güclü futbolçularımız cəmləşib. Yalnız zədəli futbolçular bizimlə deyil. Məsələn, Tanat Nuserbayev yoxdu. Qalanları isə sıradadır".
Qazaxıstan yığmasının kapitanı vaxtilə millimizə qarşı keçirdiyi oyunları da yada salıb: "Elə alınıb ki, həm yığma, həm də klub səviyyəsində onlara qarşı tez-tez oynamışıq. Əksər oyunlarda heç-heçəyə razılaşdığımız yadımdadır. Amma qələbələr də olub. Bu komandada mənə tanış olan futbolçular var. Döyüşkən, iddialı komandaları var".
Smakov qapıçı David Loriyanın yenidən milliyə dönməsinə də münasibət bildirib: "Davidin yığmaya qayıtmasına şadam. O, bunu beş il idi gözləyirdi. Buna baxmayaraq, öz şansını gözləyir, nəyə qadir olduğunu hər imkanda sübut edirdi".
Təcrübəli futbolçu Azərbaycanla matçın Qazaxıstanda canlı yayımlanması xəbərinə də münasibət bildirib: "Azarkeşlərimizin oyunumuzu canlı olaraq izləmək imkanı qazanması çox yaxşıdır. Fikrimcə, maraqlı qarşılaşma olacaq. İstərdim ki, futbolsevərlər televizor vasitəsilə də olsa, bizi dəstəkləsinlər".
