"Bizə Arşak Koryanın qol vurması təsir edər, Ramil Şeydayevin yox"
Azərbaycanın gənclərdən ibarət yığma komandasının hücumçusu Fəhmin Muradbəyli AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Rusiya ilə səfər oyunundan nə gözləyirsiniz?
- Bu oyunda da yaxşı nəticə qazanmağı çox istəyirik. Fikrimcə, bu oyunda yaxşı çıxış edə bilərik.
- Hansı nəticəyə ümid edirsiniz?
- Bizim üstünlüyümüz var. Rusiyaya Bakıdakı ilk oyunda 3:0 hesabıyla qalib gəlmişdik. Bu da bizə psixoloji cəhətdən üstünlük qazandırır. Bunun nəticəsidir ki, cavab matçında da öz gücümüzə inanırıq.
- Yəni ilk oyunun nəticəsi cavab matçında da sizə kömək edəcək?
- Bakıda layiqli qələbə qazandıq. Düzdür, rusların da şansları oldu. Sadəcə, onlar öz şanslarından yararlana bilmədilər. Biz isə lazım olan qolları vurduq və qalib gəldik.
- Rəqibi nə dərəcədə yaxşı tanıyırsınız?
- Rusiya yığması yaxşı təşkilatlanmış komandadır. Ona görə də bizi çətin oyun gözləyir. Cavab matçında doğma publika önündə oynamaları, azarkeş amili onlara əlavə üstünlük qazandıracaq.
- Rostovda Azərbaycan yığmasına münasibət necədir?
- Hər şey normaldır.
- Rəqib düşərgədə həm azərbaycanlı, həm də erməni əsilli futbolçuların olması sizin çıxışınıza nə dərəcədə təsir göstərəcək?
- Bu, bizim üçün əlavə motivasiyadır. Fikrimcə, bu, bizdə məsuliyyəti ikiqat artıracaq. Həm də bizə Arşak Koryanın qol vurması daha çox təsir edər, Ramil Şeydayevin yox.
- Sonuncu sual da "Neftçi" barədə olsun. Klubunuzun çempionatdakı son oyunları uğursuz alınır. Bu, sizin millidəki oyununuza təsir göstərməyəcək?
- Klubumuzun uğursuzluğu bizim millinin oyununa yaxşı köklənməyimizə təsir edə bilməz. Hər şey qaydasındadır. "Neftçi"yə gəlincə, bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxış yolu tapmalıyıq. Qələbə qazanmaq lazımdır.
