Ağabala Ramazanov: Həmin epizoda təkrar baxıb, qərarı dəyişsinlər
Futbol üzrə Azərbaycan yığmasının və "Sumqayıt"ın hücumçusu Ağabala Ramazanovun azerisport.az saytına müsahibəsi
- Millimizin Antalya toplanışı necə keçir?
- Toplanış öz axarı ilə gedir. Qarşıda Qazaxıstanla yoxlama oyunumuz var. Ona ciddi hazırlaşırıq.
- Bu matçdan nə gözləyirsiniz?
- Bizim üçün vacib oyundur. Buna görə də yoxlama görüşü olmasına baxmayaraq, ciddi hazırlaşırıq.
- Sizcə, millimiz bu görüşdə qələbə qazana biləcək?
- Biz qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirik.
- Toplanış ərəfəsində "Sumqayıt"ın "Rəvan" üzərində qazandığı qələbə barədə nə deyə bilərsiniz?
- Maraqlı oyun alındı. Fikrimcə, biz qələbəyə və üç xala layiq idik.
- Həmin matçda vurulan ilk qol öncə sizin adınıza yazılsa da, sonradan Saşa Yunisoğlunun avtoqolu kimi rəsmiləşdirildi...
- Həmin qola diqqətlə baxmalarını istəyərdim. Düzgün qərar qəbul etməyiblər. Top dirəyə dəyəndən sonra Saşaya dəydi, daha sonra isə mənə toxunub, tora daxil oldu. Məsləhət görərdim ki, həmin epizodu bir də izləyib, qərarlarını dəyişsinlər.
- Sizcə, komandanız bu qələbə ilə "qara zolaq"dan çıxa biləcək?
- Bizim üçün özümüzə gəlmək baxımından vacib qələbə idi. Hazırda səkkizinci pillədə qərarlaşmışıq. Amma fikrimcə, daha yaxşısına layiqik. Ümid edirəm ki, bu vəziyyəti dəyişə biləcəyik. Mövsümü neçənci yerdə bitirəcəyimizi isə zaman göstərəcək.
- Qarşıda sizin keçmiş klubunuz - "Xəzər Lənkəran"la oyun var...
- Bizə ancaq üç xal lazımdır. Aydın məsələdir ki, çətin olacaq. Amma qələbə qazanmağa borcluyuq. Keçmiş komandama qarşı oynayacağım mənim üçün önəmli deyil. Heç bir inciklik yoxdur. Mən ümumiyyətlə küsülü qalmağı sevmirəm.
- Cənub klubunun sizə borcu olmalıydı. Həmin borcu ödəyiblər?
- Xeyr, ödəmədilər. Amma bu barədə danışmaq istəmirəm.
