Ukrayna, Rusiya və İtaliya Azərbaycana yol yoldaşı olmağa yaxındır
Futzal üzrə Azərbaycan yığması ötən gecə dünya çempionatına vəsiqə uğrunda Niderlanda qarşı ilk pley-off matçında 5:1 hesablı səfər qələbəsinə imza atmaqla mundiala yollanmaq yolunda önəmli addım atdı. Azerisport.az xəbər verir ki, millimiz aprelin 12-də Bakıda keçiriləcək cavab matçında sensasiyaya imkan verməsə, sentyabrın 14-dən oktyabrın 2-nə qədər Kolumbiyada baş tutacaq dünya birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.
Ötən gecə Niderland - Azərbaycan matçından əlavə daha altı matç keçirilib. Belə ki, Avropa zonasından DÇ-yə vəsiqə qazanmaq uğrunda keçirilən pley-off matçlarında Ukrayna Slovakiyaya 6:0, Rusiya Belarusa 4:1, İtaliya Macarıstana 3:0, Portuqaliya Serbiyaya 2:1 hesabıyla qalib gəlib. Maraqlıdır ki, bu qaliblərin hamısı səfərdə sevinib və doğma meydanda hansısa sensasiyaya imkan vermələri inandırıcı görünmür. Sloveniya doğma meydanda İspaniyanı 1:0 hesabıyla məğlub edibsə, Polşa - Qazaxıstan görüşü 1:1 hesabıyla bitib.
Qeyd edək ki, cavab pley-off matçları 12-13 apreldə keçiriləcək. Qaliblər dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.
