Rafael: Bizi DÇ-dən 40 dəqiqə ayırır
Futzal üzrə Azərbaycan yığmasının üzvü Rafael Durval dünya çempionatına vəsiqə uğrunda Niderlanda qarşı keçirilmiş ilk pley-off oyunundan (5:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı fikirləriniz...
- Əsas odur ki, qələbə qazandıq. İlk növbədə bizi dəstəkləməyə gələn fanatlara təşəkkürümü bildirirəm. Bizə bu oyunda bir qədər çətin oldu. Çünki oyun zalı bir az fərqli idi.
- Birinci hissədə komandamız yaxşı oynasa da, çox qol vura bilmədi...
- Bəli, ilk yarıda çoxlu qol vəziyyətimiz oldu. Fikrimcə, elə ilk hissədə hesab 6:1 bizim xeyrimizə ola bilərdi.
- Amma ikinci hissədə problemlər diqqət çəkirdi...
- İkinci hissədə komandamız topa nəzarəti tam əlində saxlaya bilmirdi. Bir daha qeyd edim ki, bu zalda oynamaq bizim üçün bir qədər çətin idi. Buraya dörd gün öncədən gəlmişdik, məşq etmişdik. Amma yenə də çətin idi.
- Artıq 5:1-dən sonra Bakıdakı matçın formal xarakter daşıyacağını demək olar?
- Bəli, bu hesab bizim xeyrimizədir. Bu, bizim üçün yaxşı məqamdır. Amma cavab matçına da yaxşı hazırlaşacağıq.
- Kolumbiyaya indidən rahatca bilet almaq olar?
- Əlbəttə, biletləri almaq olar. Hər gün məşq edəcəyik. Bizi dünya çempionatından ev oyununda keçirəcəyimiz 40 dəqiqə ayırır.
