Niderlandın baş məşqçisi millimizə darmadağını şərh etdi
Futzal üzrə Niderland yığmasının baş məşqçisi Marsel Lusvild dünya çempionatına vəsiqə uğrunda Azərbaycana qarşı keçirdikləri ilk pley-off matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:5 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
"Realist olmalıyıq. Matçın birinci hissəsində mən bu rəqiblə mübarizə apara biləcəyimizi düşünməyə başlamışdım. Amma sonradan vəziyyətin dəyişdiyini gördüm. Çoxlu səhvlərə yol verdik. Komandalar arasındakı fərq ondadır ki, rəqibin heyətində peşəkarlar çıxış edir. Bizim uşaqlar da yaxşı oynayırlar. Amma Azərbaycan yığmasındakılar əsl peşəkarlardır. Artıq bizim hədəfimizə çatmağımız - dünya çempionatına vəsiqə qazanmağımız demək olar ki, mümkünsüzdür. Səfər matçında da əlimizdən gələni etməyə çalışacağıq. Amma hesab arasındakı fərq kifayət qədər böyükdür".
