Rəşad Abdullayev: Belə oyunların sayı çox olsa, azarkeşlərdə də maraq artar
"Zirə"nin kapitanı Rəşad Abdullayev Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (4:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Son turun ən məhsuldar oyunu ilə bağlı nə deyə bilərsiniz?
- Bu oyunda uduza da bilərdik. Açıq oyun alındı. Əminəm ki, azarkeşlər bu oyunda əsl zövq aldılar. Rəqib iki dəfə bizim vurduğumuz qollara cavab verdi. Amma sonda daha iki qol vuraraq, qələbə qazandıq. Bizim üçün vacib oyun və qələbə idi.
- Hər qələbə sizi Premyer Liqanın gümüş medallarına daha da yaxınlaşdırır...
- Tələsmək lazım deyil. Qarşıda hələ dördüncü dövrənin oyunları var. Hər şeyə sonuncu dövrədə aydınlıq gələcək. Yerimizi qorumaq üçün xarakter nümayiş etdirməliyik.
- "Qarabağ"ı çempionluq münasibətilə təbrik etmək olar?
- Bu mənada da tələsmək lazım deyil. Bəli, onlar yaxşı xal fərqi yaradıblar. Bu şansı əldən verəcəkləri inandırıcı görünmür. Amma yenə indidən dəqiq nəsə demək olmur.
- UEFA rəsmisinin bir müddət öncə klubunuzun avrokuboklardakı iştirakı ilə bağlı açıqladığı fikirlər sizi məyus etdi?
- Elə də yox. Biz hələ öncə öz yerimizi qorumaq barədə düşünməliyik. Avrokuboklara vəsiqə qazanandan sonra orada oynayıb-oynamayacağımızı düşünə bilərik. Futbolda hər şey olur. Ruhdan düşmək olmaz.
- Qarşıda "Kəpəz"lə oyun var. Amma bu oyun Azərbaycan yığmasının yoxlama matçı ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq...
- Fasilə elə də böyük deyil. Fikrimcə, bu fasilə yerinə düşdü. Vacib oyuna hazırlaşmaq üçün daha çox vaxtımız olacaq.
- Mövsümün əvvəli ilə müqayisədə son dövrlər daha çox oynamağa başlamısınız, hətta son turda qol da vurdunuz...
- Komandamızın heyətində tez-tez dəyişiklik olur. Bu da normal prosesdir.
- Sizə elə gəlmir ki, oyunlara azarkeş axını zaman keçdikcə azalır?
- Ola bilsin ki, onların sayı hava şəraiti ilə əlaqədar az olur. Amma arenamızı hər oyunda tam dolu görməyi çox istəyərdim. AZAL-a qarşı keçirdiyimiz kimi oyunların sayı çox olsa, fanatların da oyunlara daha böyük maraq göstərəcəyini düşünürəm.
- Son dövrlər "Zirə"nin hansısa bölgəni təmsil etməsi ilə bağlı müzakirələr gedir. Siz bu barədə nə düşünürsünüz?
- Həmin söhbətlərlə mən də tanışam. Amma rəsmi olaraq bu barədə heç kimdən bir söz eşitməmişəm. "Zirə" Zirəni təmsil edir. Klubun adı başqa cür olsaydı, başqa məsələ. Amma biz Zirəni təmsil edirik.
