İntizam Komitəsindən divizion klublarına görünməmiş cəzalar!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Göyəzən” - “Qaradağ Lökbatan” matçının 60-cı dəqiqəsində “Göyəzən”in futbolçusu Vüsal İbrahimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
"Bakı” - “Zaqatala” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
"Neftçala” - “Turan Tovuz” matçının 89-cu dəqiqəsində "Neftçala"nın əvəz olunmuş futbolçu Aqşin Həşimov meydana daxil olaraq “Turan Tovuz”un futbolçu Səbayıl Bağırova hücum çəkib, ona zərbələr endirib və hər iki klubun futboloçuları arasında dava-dalaşa səbəb olub. Bu səbəbdən 7 dəqiqə fasilə yaransa da, görüş sona qədər oynanılıb. İntizam Komitəsi oyunun videoyazısını izləyib və aşağıdakı qərarları qəbul edib;
Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunub.
"Neftçala"nın futbolçusu Aqşin Həşimov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur.
Baş vermiş davada aktiv iştirak etdiyinə görə " Turan Tovuz"un futbolçu Afin Bağırov və "Neftçala"nın futbolçu Cəmil Rəhimli 5 oyunluq cəzalanır və hər iki klub 300 manat cərimə olunub.
“Şahdağ” – “Ağsu” matçının 83-cü dəqiqəsində hakim "Ağsu"nun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və klubun futbolçusu Ruslan Həsənovu sonuncu ümid fouluna görə meydandan kənarlaşdırıb. Hakim cəzalanan futbolçu meydanı tərk etməmiş rəqib komandaya 11 metrlik cərimə zərbəsini vurmağa icazə verib və rəqib qol vurub. Bundan sonra "Ağsu"nun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirib, hakim isə öz növbəsində 11 metrlik cərimə zərbəsininin təkrar vurulması qərarını qəbul edib. "Şahdağ"ın futbolçusu ikinci cəhddə topu qapıdan keçirə bilməyib və "Ağsu"nun futbolçusu Bəhram Bəhramzadə əllərini havaya qaldıraraq sevinib (hərəkətdə heç bir qeyri-etik jest yoxdur). "Şahdağ"ın futbolçusu Şıxqayıb Şıxqayıbov "Ağsu"nun futbolçusuna hücum çəkib və bu hərəkəti ilə azarkeşlərin meydana daxil olmasına və oyunda fasilə yaranmasına səbəb olub. Matç sona kimi oynanılıb. İntizam Komitəsi oyunun videoyazısını izləyib və aşağıdakı qərarları qəbul edib;
"Şahdağ"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimə olunub.
Oyunun 83-cü dəqiqəsində "Ağsu"nun futbolçusu Ruslan Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
Oyunun 87-ci dəqiqəsində "Ağsu"nun futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilib.
"Şahdağ"ın futbolçusu Şıxqayıb rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klubu 1500 manat cərimə olunub.
"Ağsu"nun inzibatçısı Ənvər Hacıyev (oyunun hakimi səhvən protokolda texniki zonada əyləşən klubun digər inzibatçısı Aqil Sarıyevin adını yazıb) baş vermiş hadisənin əsas səbəbkarlarından biri olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunub.
Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunub.
PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qurumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin.
H
akimlərin idarəçiliyinə Hakimlər Komitəsi baxsın və İntizam Komitəsinə məlumat versin.
"Mil-Muğan” - “Şəmkir” matçı başa çatdıqdan sonra "Mil-Muğan"ın futbolçusu Elxan Məmmədov "Şəmkir"in texniki zonasına yaxınlaşaraq bu klubun futbolçusu Qeyrət Qənbərova hücum çəkib, ona xəsarət yetirib, azarkeşlərin meydana daxil olmasına və hər iki klub arasında qarşıdurmaya səbəb olub. Baş vermiş insident qısa zamanda aradan qaldırılıb.
İntizam Komitəsi baş vermiş hadisəyə uyğun olaraq aşağıdakı qərarları qəbul edib;
Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunub.
Oyunun 88-ci dəqiqəsində "Şəmkir"in futbolçusu Bəhruz Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
"Mil-Muğan"ın futbolçusu Elxan Məmmədov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klubu 1500 manat cərimə olunub.
Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunub.
PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qurumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin.
“Bakılı” - “Şərurspor” matçının 82-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Qafar Əliyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Oyunun 86-cı dəqiqəsində “Bakılı”nın futbolçusu Ramil Həşimzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
