Elman Ələkbərov: Millimiz hollandlardan daha güclüdür
Futzal üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Elman Ələkbərovun azerisport.az saytına müsahibəsi
- Yığma komandamız bu gün dünya çempionatına vəsiqə qazanmaq üçün Niderlanda qarşı ilk pley-off matçına çıxacaq. Millimizdən nə gözləyirsiniz?
- DÇ-yə vəsiqə qazansaq, bu, tarixi uğur olacaq. Bu, millimizin ikinci belə cəhdidir. Ötən dəfə belə bir imkan qazansaq da, Rusiyaya uduzaraq, dünya çempionatına yollana bilmədik. Amma bu dəfə şansı qaçırmaq olmaz. Mən millimizin Kolumbiyaya yollanacağına əminəm. Artıq elə bir səviyyəyə çatmışıq ki, mundial iştirakçıları arasında Azərbaycan da olmalıdır.
- Komandaya belə bir inam sizdə haradandır?
- Sosial şəbəkələrdə yığmamızın Niderlanddakı ilk məşqindən fotoları gördüm. Həmin şəkillərdə yığmamızın üzvlərinin gözlərinin necə alışıb-yandığını görmək çətin deyil. Düzdür, belə uğur qazanmaq istəyi, inamı əvvəllər də olub. Amma bu dəfə uşaqların özlərinə daha çox inandığını düşünürəm.
- Düşünmürsünüz ki, öz gücünə həddən artıq inam əks təsirini də göstərə bilər?
- Bu, peşəkar inamdır. Yığmamızın üzvlərində soyuqqanlılıq da var. Sanki, millimiz beşinci dəfə dünya çempionatına vəsiqə qazanmağa hazırlaşır. Tino Peres yaxşı komanda formalaşdırıb.
- İlk oyundan nə gözləyirsiniz?
- Qələbə! Biz hollandlardan güclüyük. Amma arxayınlaşmaq olmaz.
- Yığmamızın üzvləri rəqib oyunçularda daha çox texniki keyfiyyətləri qabardır və taktiki cəhətdən zəif olduqlarını deyirlər...
- Rəqibin heyətində ərəb əsilli oyunçular az deyil. Texniki cəhətdən onlar güclüdür. Amma bu, bizim onlara uduzduğumuz anlamına gəlmir. Sadəcə, bizim oyunçuların meydandakı tapşırıqları fərqlidir. Hollandların taktiki cəhətdən də çox zəif olduğunu deməzdim. Digər tərəfdən oyun elə bir örtükdə keçiriləcək ki, Azərbaycan yığması elə meydanda oynamır. Hollandlar isə qəsdən elə örtükdə oynamağa üstünlük veriblər. Bu, onların taktiki gedişidir. Uşaqlar özlərini heç də komfortda hiss etməyəcəklər. Ona görə ilk oyunla bağlı bir qədər ehtiyatlı danışmaq lazım gəlir. Amma bu, çox ciddi qarşılaşmadır və düşünürəm ki, yığmamızın üzvlərində uğur qazanmaq üçün yetərincə böyük təcrübə var. Belə rəqiblə bu cür şansı əldən vermək olmaz.
- Millimiz Almeredən qələbə ilə qayıtsa, cavab görüşündən öncə də dünya çempionatına vəsiqə qazanmağımızı bayram edə bilərik?
- O dərəcədə arxayınlaşmaq olmaz. Bu gün qələbə qazansaq, bilməliyik ki, Bakıda daha çətin olacaq. Çünki cavab matçında rəqib var gücünü meydanda qoyacaq ki, uğur qazansın. Fikrimcə, səfər matçından qələbə ilə qayıtsaq, komandamız Bakıda heç qələbə qazana bilməyəcək, böyük ehtimalla heç-heçə olacaq.
