Namiq Ələsgərov: Qarabağın çempion olmasını istəyirəm
Azərbaycan yığmasının və "Kəpəz"in yarımmüdafiəçisi Namiq Ələsgərovun azerisport.az saytına müsahibəsi
- Son turda "Neftçi" üzərində səfər qələbəniz gözlənilməz oldu. Bəs siz özünüz bunu gözləyirdiniz?
- Niyə gözlənilməz olmalıdır ki? Meydana qələbə üçün çıxmışdıq, azarkeşlərimizi sevindirmək istəyirdik. Buna da nail olduq. Düzdür, fasilədən sonra 2:0 hesablı üstünlüyü necə əldən verdiyimizi mən də anlamadım. Amma əsas odur ki, sonda 3 xalı biz qazandıq.
- Bu qələbə sayəsində "Kəpəz" "Neftçi" ilə oyunlardakı 11 illik həsrətə son qoydu...
- Bəli, 11 ildən sonra nəhayət ki, "Kəpəz" "Neftçi"yə qalib gəldi. Bundan oyundan öncə xəbər tutduq. Hədəflərimizdən biri də məhz bu uğursuz gedişata son qoymaq idi.
- Klub rəhbərliyi bu qələbəyə görə mükafat söz verib?
- Bəli, mükafat gözləyirik.
- Baş məşqçi Robert Prosineçki yığmanın təlim-məşq toplanışına sizi də dəvət edib...
- Şadam ki, o, mənə güvənir. Özümü yaxşı tərəfdən göstərməyə, Prosineçkinin etimadını doğrultmağa çalışacağam.
- Xorvatiyalı mütəxəssis gənc futbolçularımızın xarici klublara transferində yardımçı olmağa çalışır. O, sizinlə də bu mövzuda söhbət edib?
- Xeyr, hələ bu barədə söhbət etməmişik. Amma mən Avropada oynamaq istəyərdim. Kim bunu istəməz ki?
- Sirr deyilsə, mövsüm bitəndə "Kəpəz"də qalmaq istəyirsiniz, ya "Qarabağ"a qayıtmaq barədə düşünürsünüz?
- Hələ bu barədə dəqiq heç nə deyə bilmərəm. Çünki bunu düşünməmişəm. İndi sadəcə, "Kəpəz"in avrokuboklara vəsiqə qazanmasını istəyirəm. Yekun qərarımı yayda qəbu edəcəyəm.
- Sizcə, "Qarabağ" bu il də çempion ola biləcək?
- "Qarabağ"ın çempion olmasını çox istəyirəm. Çünki mənim klubumdur. Amma qarşıda hələ 10 tur var və indidən nəsə söyləmək tezdir.
