Vüqar Mustafayev: Rusiyaya qələbə üçün yollanacağıq
"Zirə"nin yarımmüdafiəçisi Vüqar Mustafayev gələcək karyerası ilə bağlı planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yayda "Zirə" ilə icarə müqaviləmin müddəti başa çatacaq. Müqaviləyə əsasən, yenidən "Qarabağ"a qayıtmalıyam. Amma indidən yayda necə olacağını deyə bilmərəm. Hər şeyə yayda aydınlıq gələcək. Hazırda "Zirə"də uğurlu çıxış etmək mənim üçün vacibdir. Çempionatın medalları uğrunda mübarizə aparırıq. "Qarabağ"ın çempionluq şanslarına gəlincə, kim güclüdürsə, qoy o da çempion olsun".
Mustafayev DÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək səfər oyunu öncəsi də fikirlərini bölüşüb: "Rusiya yığması güclü komandadır. Bakıda biz onlara 3:0 hesabıyla qalib gəlmişdik. Rəqib meydanındakı oyuna da ciddi hazırlaşırıq. Səfərə qələbə üçün yollanacağq. Ümid edirəm ki, qələbə qazana biləcəyik. Cavab görüşündə hər şey ola bilər. Amma ilk matçın nəticəsini təkrarlamağımızı çox istəyərdim".
