20 mart 2016 14:30
Emil Balayevsiz Ayntraxt yeni baş məşqçisi ilə ilk qələbəsini qazandı
Almaniya Bundesliqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda çempionatın aşkar autsayderi "Hannover"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 1:0. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 27 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb və bu gedişlə ikinci Bundesliqaya düşməyə əsas namizədlərdən biridir. Məhz uğursuz çıxış etdiyi üçün komanda iki tur öncə yeni baş məşqçiyə - xorvatiyalı Niko Kovaça tapşırılıb. İlk oyununda məğlubiyyətə üzülən Kovaç bu dəfə yeni komandası ilə ilk qələbəsinə sevindi.
