Şahin Diniyev: 2:0-dan sonra futbolçularımız matçın başa çatdığını düşünməyə başladı
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Matç liderlərin oyunu kimi alındı. Hər iki komanda hücum futbolu sərgilədi ki, bu da azarkeşlərin ürəyincə oldu. İlk yarıda iki qol vurduğumuza görə, fasilədə uşaqlara dedim ki, arxayınlaşmaq olmaz. Sanki, 2:0-dan sonra futbolçularımız matçın başa çatdığını düşünməyə başladılar. Xoşbəxtlikdən, sonda daha bir qol vurub, qələbə qazana bildik. "Neftçi"yə 11 il idi ki, qalib gələ bilmədiyimizi bilirdim. Yeri gəlmişkən, həmin vaxt da mən "Kəpəz"in baş məşqçisi idim. Şadam ki, belə bir uğura imza atdıq. Bu da bir xoşbəxtlikdir ki, bu komanda həmin uğursuz sindroma son qoydu. Təbii ki, bir baş məşqçi kimi mənim üçün də xoş oldu". (CBC)
