Qurban Qurbanov: Riskə getmək istəmədim
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu gün vacib üç xal qazandıq. Çünki güclü rəqibə qarşı oynayırdıq. Özü də "Qəbələ" doğma meydanda həmişə sonadək və böyük istəklə mübarizə aparır. Uğur qazanmaq istəyiriksə, hər matçda qalib gəlməliyik. Uşaqlar yaxşı mübarizə apardılar. Rəqibə uğurlar arzulayıram. Ola bilər ki, son nəticələri ürəkaçan deyil. Amma "Qəbələ"nin komandanı uğura daşıya biləcək yaxşı məşqçisi var.
Reynaldonu bu oyunda meydana buraxmaq istəyirdim. Amma yenə də riskə getmək istəmədim.
İndidən çempionluq haqda düşünməyimizi istəməzdim. Qarşıda hələ 10 oyun var. "Zirə" ilə xal fərqimiz də çox deyil. Sadəcə, xallar qazanmağa davam etməliyik.
Mahir Mədətovun artıq əsas heyətin oyunçusu olduğunu deməzdim. Heyəti rəqibə uyğun qurmağa çalışırıq. Ona öz üzərində hələ çox çalışmaq lazımdır. Gənc oyunçudu, təcrübə toplaması üçün hərdən şans veririk". (CBC)
