Eddi İsrafilov millimizin Türkiyə toplanışında iştirak edə bilər
İspaniyanın "Kordoba" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycan yığmasının qarşıdakı toplanışına dəvət alsa da, komandasını Sequnda Liqada ağır oyunlar gözlədiyindən onu millimizin düşərgəsinə buraxmaq istəməmişdilər. Azerisport.az xəbər verir ki, bu üzdən də baş məşqçi Robert Prosineçki onun adını yığmaya dəvət etdiyi futbolçuların siyahısından çıxarıb.
Amma İspaniya mətbuatı onun yığmamızın Türkiyə toplanışına yollanmasının mümkünlüyü iddiası ilə çıxış edib. "Marca"nın yazdığına görə, İsrafilov 31-ci turda keçiriləcək "Alaves"lə görüş öncəsi cəzalı duruma düşsə, yığmamızın düşərgəsinə yollanacaq. Məsələ burasındadır ki, Eddi geridə qalan oyunlarda artıq dörd dəfə sarı vərəqə ilə cəzalanıb. Bu həftə keçiriləcək "Numansiya" ilə səfər oyununda beşinci sarı vərəqəsini alacağı halda, İsrafilov "Alaves"lə matçı buraxmalı olacaq. Belə olan halda Eddinin millimizə qoşulmasında problem olmayacaq.
Qeyd edək ki, Azərbaycan yığması martın 21-dən 27-nə qədər Antalyada (Türkiy) təlim-məşq toplanışında olacaq. Ayın 26-da isə millimiz Qazaxıstanla yoxlama oyunu keçirəcək.
