Vitali Borisov: Niderlandla şanslarımız bərabərdir
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov dünya çempionatına vəsiqə uğrunda Niderlanda qarşı keçiriləcək ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Niderlandla oyuna hazırlıq necə keçdi?
- Hər şey yaxşı keçdi. Gündə iki məşqə çıxırdıq. Zədəli oyunçumuz yoxdur. Fiziki hazırlığımızı da yaxşılaşdırmağa çalışmışıq.
- Komandamız cəmi bir yoxlama oyunu keçirdi. Onu da yerli klubların üzvlərinə qarşı...
- Bu, əlbəttə, bizim üçün mənfi haldır. Bir neçə güclü rəqiblə qarşılaşmağımız daha arzuolunan idi.
- Amma millimiz son Avropa çempionatının final mərhələsində üç ağır oyun keçirib ki, onun üstündən elə də çox vaxt keçməyib...
- Üç oyun çox azdır. Belə oyunlara daha yaxşı hazırlaşmaq lazımdır. Yoxlama oyunları nə qədər çox olsa, zəif və güclü cəhətlərini daha yaxşı öyrənmək imkanın olur.
- Niderland yığmasını yaxşı analiz edə bilmisiniz?
- Rəqibin bir neçə oyununa baxmışıq. Amma oyuna qədər onları daha dərindən öyrənməyimiz lazımdır.
- Gördüklərinizə əsasən bu komandanın dişinizə görə rəqib olduğunu söyləmək olar?
- Əgər var gücümüzlə oynasaq, meydanda bütün bacarığımızı nümayiş etdirə bilsək, DÇ-yə vəsiqə qazana bilərik. Amma hazırda şanslar əllinin əlliyədir. Kiminsə favorit olduğunu deməzdim.
- İlk matç səfərdədir. Cavab oyunu öncəsi qələbə qazana biləcəksiniz?
- Bu, əsas deyil. Vacib olan iki oyunun nəticəsinə görə üstün olmaqdır.
- Rəqibin heyəti barədə nə deyə bilərsiniz?
- Yaxşı oyunçuları var. Texniki cəhətdən yaxşı hazırlıqlıdırlar. Taktiki baxımdan isə bizə uduzduqlarını deyə bilərəm. Hollandların güclü cəhəti fərdi cəhətdən yaxşı keyfiyyətə malik olmalarıdır.
