Tərlan Quliyev: Avropa Liqasında oynamaq istəyirik
"Kəpəz"in müdafiəçisi Tərlan Quliyev Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Neftçi" ilə oyundan nə gözləyirsiniz?
- Çətin oyun olacaq. Düzdür, bakılılar heç də yaxşı günlərini yaşamırlar. Oyunlarında geriləmə var. Amma rəqibin hücum xəttində çox təhlükəli futbolçular yer alır. Bu hücum xətti istənilən rəqibə problem yaşada bilər. Bizə də asan olmayacaq.
- Nikolas Kanalesin AZAL-ın qapısına vurduğu qolu gördünüz?
- Bəli. Şəxsən mənim üçün bu, heç də sürpriz olmadı. Mən onu "Neftçi"də çıxış etdiyim dövrdən şəxsən tanıyıram. Kanales təhlükəli hücumçudur. Ola bilər ki, yaxşı sürəti yoxdur. Amma mövqe seçimi, ikinci mərtəbədə oynamaq bacarığı çox yaxşıdır.
- "Neftçi" ilə oyunlar sizin üçün xüsusi emosiyalar bəxş edirmi?
- Hazırda heç bir emosiyadan söhbət gedə bilməz. Çünki indi bu komanda mənim oranı tərk etdiyim dövrlə müqayisədə tamamilə dəyişib. Mənim üçün bu komanda ilə oyun adi Premyer Liqa görüşüdür.
- "Kəpəz"dən qarşıdakı oyunda nə gözləyək?
- Ancaq qələbə! Avropa Liqasında oynamaq istəyirik. Bunun üçün də əsas rəqiblərimizdən birinə qalib gəlməliyik.
- "Zirə"nin avrokuboklara buraxılmayacağı demək olar ki, dəqiqdir. "İnter"lə də bağlı vəziyyət tam bəlli deyil. Bu üzdən hətta beşinci yeri tutmaqla da avrokuboklara vəsiqə qazana bilərsiniz...
- Mən elə düşünmürəm. "Neftçi" alt pillələrdə qərarlaşmasına rəğmən, kuboku qazansa, onda necə olacaq? Belə məqamları nəzərə alsaq, bizə hər oyunda qələbəyə oynamaq vacibdir.
- Komanda yoldaşınız Namiq Ələsgərovla birgə millimizin qarşıdakı Antalya toplanışına siz də dəvət almısınız...
- Şadam ki, yığmaya dəvət alan futbolçuların sırasında mən də varam. Bayram ərəfəsində bu, çox yaxşı xəbər oldu. Ümid edirəm ki, özümü yaxşı tərəfdən göstərə biləcəyəm.
- Robert Prosineçkinin sizə "Qarabağ"dan ayrılandan sonra da diqqət göstərəcəyini gözləyirdiniz?
- Mən buna əmin idim. Əslində, "Qarabağ"da çox oynamaq imkanı qazanmırdım. "Kəpəz"də isə hər şey fərqlidir. Burada daha çox oynayıram. Bu da təbii ki, milliyə düşmək şansımı artırırdı.
