Stanislav Namaşko: Nikolas Kanalesin bizə vurduğu qol çox gözəl alındı
AZAL-ın qapıçısı Stanislav Namaşko Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb, son turda qarşılaşdıqları "Neftçi" ilə görüşü xatırlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarşıdakı oyunda "Zirə" favoritdir. Bu klub sabit çıxış edir və çempionluq uğrunda mübarizə aparır. Buna baxmayaraq, hər iki klub meydana qələbə üçün çıxacaq. Bu, bizim üçün çempionatın ən çətin oyunlarından biri olacaq. "Neftçi" ilə son oyunumuza gəlincə, onlara qarşı mübarizə aparmaq həmişə çətin olub. Rəqibin hücum xəttində yüksək sürətə malik oyunçular çıxış edir. Nikolas Kanalesin meydana çıxmasından sonra onların hücum xətti daha da gücləndi. Onun vurduğu qol gözəl alındı. Hər turda belə qollar vurulmur. Fikrimcə, heç-heçə ədalətli nəticə oldu".
