Belçika Bakıda keçiriləcək AÇ-yə ilk vəsiqənin sahibi oldu
Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları davam edir. Azerisport.az xəbər verir ki, artıq seçmə mərhələnin 8-ci qrupunun oyunları başa çatıb.
Belçikada baş tutan elit mərhələ görüşlərində meydan sahibləri daha uğurlu çıxış edib. Belə ki, qrup lideri olan Belçika yığması AÇ-2016-nın final mərhələsinə ilk vəsiqənin sahibi olub. 8-ci qrupda ikinci yeri tutan İspaniya yığması da Bakıya gəlmək şansını saxlayır.
Qeyd edək ki, Bakıda keçiriləcək AÇ-nin final mərhələsinə elit raundun 8 qrup qalibi birbaşa vəsiqə qazanacaq. Eyni zamanda ən yaxşı göstəriciyə malik 7 qrup ikincisi olmuş komanda da Azərbaycana gələcək.
AÇ-2016 mayın 5-dən 21-nə qədər Bakıda keçiriləcək. Qitə birinciliyinin püşkü aprelin 8-də atılacaq.
