"Neftçidə az şans qazandığım üçün Latviyadan gələn təklifi müsbət cavablandırdım"
Azərbaycanlı futbolçu Orxan Qurbanlı Latviyanın "Dauqava" klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu təklifi mənə futbol menecerlərindən biri etdi. "Neftçi"də elə də çox oynamaq şansı qazanmırdım. Bu üzdən də Latviyadan gələn təklifi müsbət cavablandırdım. Hesab edirəm ki, bu addımım düzgündür. Fikrimcə, burada yaxşı oyun təcrübəsi qazanacağm. "Neftçi" rəhbərliyi ilə də məsləhətləşib, "Dauqava"ya keçməyə qərar verdim. Latviya klubu da məni bəyəndiyindən, "Neftçi"yə rəsmi müraciət etdilər. "Neftçi" rəhbərliyi sağ olsun ki, bu keçidlə bağlı heç bir problem yaratmadılar və məni dəstəklədilər. Halbuki, mən heç bunu gözləmirdim".
Qeyd edək ki, Qurbanlı "Dauqava"ya komanda yoldaşı Mirabdulla Abasovla birgə icarə əsasında keçib. Onların icarə müddəti iyunun 15-nə qədərdir.
