Sxadadze: İnter mənim üçün xüsusi klubdur, ona görə çox böyük güzəştə getdim
"İnter"in sabiq hücumçusu Baçana Sxadadze paytaxt klubunun ona olan borcundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter" mənim üçün həmişə xüsusi klub olub və bundan sonra da elə qalacaq. Bunun da bir çox səbəbləri var. Buna görə maliyyə məsələsi mənim üçün həmişə ikinci planda olub. "İnter"də neçə il çıxış etdim, həmişə müqavilə yenilənəndə rəhbərlik nə təklif edirdisə, ona da razılaşırdım. Heç vaxt buna görə danışıq aparmamışam".
Sxadadze son 3,5 ayın pulunu ala bilməməsinə də toxunub: "Klubun mənə olan borcundan əlavə daha bir mövsümlük müqaviləmiz var idi. Amma mən ondan tamamilə imtina etdim. "İnter"ə görə çox böyük güzəştə getməyə razılaşdım".
Baçana keçmiş komandasının çıxışı ilə yenə maraqlandığını dilə gətirib: "İnter"in demək olar ki, bütün oyunlarına baxıram. Elə digər klubların da. Azərbaycanda neçə il çıxış etmişəm, şübhəsiz ki, orada baş verənlər mənə də maraqlıdır. "İnter" mövsümün ilk yarısını yaxşı keçirmişdi. Amma sonradan problemlər baş qaldırdı. İndi yenidən vəziyyət normallaşır. Klubun bu komanda üçün çox şey etmiş bəzi futbolçuları saxlaması xoşdur. Elə bir neçə yerli futbolçunun da komandaya cəlb olunması xüsusi vurğulanmalıdır. Hansı ki, onlar Azərbaycan yığmasının da şərəfini qoruyurlar".
"İnter"in sabiq hücumçusu şərəfini qoruduğu Tiflis "Lokomotiv"indəki durumundan da söz açıb: "Lokomotiv"də hər şey normaldır. Gənc komandadır. Gələcəklə bağlı böyük planları var. Ümid edirəm ki, yeni investisiyalar sayəsində Gürcüstan çempionatının da səviyyəsi yüksələcək. Eyni zamanda maliyyə problemləri ilə üzləşən Azərbaycan klublarının da əvvəlki qüdrətini qaytaracağına ümidliyəm".
Baçana sonda atası Kaxaber Sxadadzenin Gürcüstan yığmasının baş məşqçisi postundan uzaqlaşdırılmasına rəğmən, bundan sonra da ölkəsinin milli komandasına çağırılmaq istəyindən söz açıb: "Yeni baş məşqçi Vladimir Vayssın Gürcüstan çempionatında çıxış edən oyunçulara nə dərəcədə üstünlük verəcəyini bilmirəm. Bizim xaricdə oynayan futbolçularımız çoxdur. Milliyə kömək etməyə həmişə haıram. Temuri Ketsbayanın məni ilk dəfə yığmaya dəvət etməsini heç vaxt unutmayacağam. Bütün gecəni yatmamışdım. Yığmaya hər dəvət aldığımda bu hissləri təkrar yaşayıram".
